Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır.
FED.az bizqes və maliyyə xəbərləri portalı xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə sentyabrın 16-da hərrac keçiriləcək.
Hərracda investorlara və sahibkarlara İsmayıllı rayonunda yerləşən “Girdimançay-I” (13,0 ha) qum-çınqıl yatağı təklif olunacaq. Söhbət 13 hektarda yerləşən qum-çınqıl yatağından gedir.
Ekologiya Nazirliyinin verdiyi arayışa əsasən bu yataqda təqribən 200 min kubmetr, daha dəqiqi isə 195 min kubmetr qum-çınqıl ehtiyatı var. Hərracda bu yataqdan 1 illik istifadə hüququ satışa çıxarılacaq, yəni müsabiqənin qalibi bu yatağı 1 il müddətində istismar edə biləcək.
Hərracda ilkin qiymət 19 500 manatdan başlayır, hərracda rəqabət olarsa qiymət daha da arta bilər. Şərtlərə görə, hərracda iştirak etmək üçün ilkin qiymətin 10%-i, yəni 1950 manat beh saxlamaq lazımdır. Hərracda isə qiyməti artırarkən hər dəfə azı 195 manat artırılmalıdır.
Bu hərracda iştirak etmək istəyən şəxslər sənədləri 9 sentyabr 2026-cı il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Hərracda təkcə Azərbaycanın deyil, xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.












