Son illər Azərbaycanda biznesin inkişafı və əmlak münasibələrinin fəallışması biznesin qiymətləndirilməsinə tələbatı artırıb.
FED.az xəbər verir ki, biznesin alınıb satılması, kredit götürülməsi, biznesin ötürülməsi, vərəsələr arasında bölüşdürülməsi və sair hallar onun haqqında doğru-düzgün təsəvvürün olmasını tələb edir.
Bu vəzifəni qiymətləndiricilər həyata keçirir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc müasir dövrdə biznesin qiymətləndirilməsinə təsir edən amilləri açıqlayıb.
V.Oruc bildirib ki, biznesin qiymətləndirilməsi zamanı yalnız şirkətin mövcud aktivlərinin və ya cari gəlirlərinin nəzərə alınması kifayət etmir. Müəssisənin maliyyə vəziyyəti, gələcəkdə yarada biləcəyi pul axını, bazardakı mövqeyi, aktivləri, borcları, riskləri, brendi, idarəetmə sistemi və hətta məhkəmə çəkişmələri biznesin yekun dəyərinə təsir göstərə bilər.
Biznesi qiymətləndirən mütəxəssisin ilk tələb etdiyi məlumatlardan biri müəssisənin maliyyə göstəriciləridir.
Maliyyə göstəriciləri biznesin həm bugünkü vəziyyətini müəyyən etməyə, həm də gələcək perspektivlərini qiymətləndirməyə imkan verir. Bunların əsasında proqnoz dövründə müəssisənin nə qədər mənfəət əldə edə biləcəyi, xərclərinin hansı səviyyədə olacağı və ümumilikdə nə qədər pul axını yarada biləcəyi müəyyənləşdirilir.
Buraya şirkətin gəlirləri, xərcləri, mənfəəti, borcları və bütövlükdə pul axınları daxildir. Beləliklə...
Biznesin sahib olduğu aktivlər dəyərə təsir edir
Qiymətləndirmədə digər mühüm istiqamət biznesin sahib olduğu aktivlərdir.
Ekspertin sözlərinə görə, buraya ilk növbədə şirkətin daşınmaz əmlakı və avadanlıqları, eləcə də inventarları daxildir. Bununla yanaşı, kompüter proqramları, biznes tərəfindən yaradılmış intellektual mülkiyyət və digər aktivlər də nəzərə alınmalıdır. Bu aktivlərin bazar dəyəri biznesin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Qiymətləndirici maliyyə göstəriciləri və aktivlər barədə məlumatları əldə etdikdən sonra şirkətin bazardakı statusunu və mövqeyini də təhlil etməlidir. Burada şirkətin bazar payı, rəqabət mühitində fəaliyyət göstərən digər şirkətlər, qiymətləndirilən biznesin rəqibləri qarşısında üstünlüklərinin olub-olmaması, müştəri bazası və perspektiv inkişaf istiqamətləri araşdırılır. Bütün bunlar bazar təhlilində öz əksini tapmalıdır.
Qarşıdakı ən azı 5 ilin gəlirləri nəzərə alınır
Vüqar Oruc bildirib ki, biznesin qiymətləndirilməsində əsas amillərdən biri də gəlirlilikdir. Bu zaman yalnız şirkətin hazırda nə qədər gəlir və mənfəət əldə etdiyi deyil, gələcəkdə hansı nəticələr göstərə biləcəyi də nəzərə alınır.
Adətən biznesin ən azı qarşıdakı 5 il üzrə proqnoz göstəriciləri diqqətə alınır. Biznesin inkişaf perspektivləri və yaxın gələcəkdə yarada biləcəyi pul axını burada əsas əhəmiyyət kəsb edir. Başqa sözlə, biznesin dəyəri onun təkcə bu gün sahib olduğu əmlak və əldə etdiyi gəlirlə deyil, gələcəkdə nə qədər pul yarada biləcəyi ilə də bağlıdır.
Biznesin riskləri ayrıca araşdırılmalıdır
Qiymətləndirmə zamanı biznesin üzləşə biləcəyi risklər də mütləq nəzərə alınmalıdır.
AQC sədrinin sözlərinə görə, bazar təhlil edilərkən ilk növbədə bazar riskləri qiymətləndirilməlidir. Alternativ biznes layihələrinin meydana çıxması, rəqib şirkətlərin hazırkı mövqeyi və gələcəkdə bu mövqelərin necə dəyişə biləcəyi biznesin perspektivlərinə təsir göstərən amillərdəndir.
Bununla yanaşı, hüquqi risklər də nəzərə alınmalıdır. Qanunvericilikdə hansı dəyişikliklərin baş verə biləcəyi, həmin dəyişikliklərin biznes üçün hansı müsbət və ya mənfi nəticələr yarada biləcəyi qiymətləndirilməlidir. Bundan başqa, maliyyə riskləri, əməliyyat riskləri və əvvəlcədən nəzərdə tutulmayan digər risklər də detallı şəkildə araşdırılmalıdır.
Brendin özü də biznesin dəyərinin bir hissəsidir
Əgər qiymətləndirilən müəssisə böyük və tanınmış şirkətdirsə, güclü brendə malikdirsə və ya tanınmış şirkətin təmsilçisidirsə, bu halda brend və digər qeyri-maddi aktivlər də qiymətləndirilməlidir.
Şirkətin tanınmışlıq səviyyəsi, markası, bazar performansı və ümumilikdə biznesin reputasiyası nəzərə alınmalıdır.
Vüqar Oruc bildirir ki, burada mühüm göstəricilərdən biri də bazarın və müştərilərin həmin şirkətə etimad səviyyəsidir. Brendlə yanaşı, şirkətə məxsus patentlər, proqram təminatı və digər qeyri-maddi aktivlər də biznesə əlavə güc verən amillər sırasındadır.
Şirkətin komandası və idarəetmə sistemi də qiymətləndirilir
«Əsas ideyə deyil, onu həyata keçirən komandadır»-deyimi biznesin qiymətləndirildməsində də işləyir. Biznesin ən mühüm elementlərindən biri onun necə idarə edilməsidir. Buna görə şirkətin komandası və idarəetmə sistemi də qiymətləndirmənin bir hissəsi olmalıdır.
Ekspekrtin sözlərinə görə, idarəetmənin nə dərəcədə dayanıqlı olması, müasir standartlara uyğunluğu və biznesin gələcək inkişafına xidmət edib-etməməsi əhəmiyyət daşıyır.
Bununla yanaşı, şirkətin sosial məsuliyyət, ekoloji təhlükəsizlik və müasir idarəetmə prinsipləri əsasında qurulması da nəzərə alınmalıdır. Hazırkı dövrün tələbləri bizneslər üçün bu məsələlərin əhəmiyyətini artırır.
Məhkəmə çəkişmələri və vergi öhdəlikləri də nəzərə alınır
Şirkətin mövcud problemləri qiymətləndirmədən kənarda qala bilməz.
AQC sədrinin fikrincə, müəssisənin məhkəmə çəkişmələrinin olub-olmaması, mövcud maliyyə problemləri, vergi öhdəlikləri və risk xarakterli digər məsələlər araşdırılmalıdır.
Ümumiyyətlə, bu prinsip təkcə bütöv müəssisənin qiymətləndirilməsinə aid deyil. Qiymətləndirmə predmeti qeyri-maddi aktivlər, daşınar və ya daşınmaz əmlak olduqda da müvafiq amillər nəzərə alınmalıdır.
Biznesin hansı məqsədlə qiymətləndirilməsi vacibdir
Qiymətləndirmədə mühüm məsələlərdən biri də onun hansı məqsədlə aparılmasıdır. Məqsəd dəyişdikcə qiymətləndirmədə ayrı-ayrı göstəricilərin əhəmiyyətlilik dərəcəsi də dəyişir.
Əgər biznes investisiya məqsədilə qiymətləndirilirsə, qiymətləndirmə investorun maraqlarından çıxış etməli və onun üçün müəyyən mənada yol xəritəsi rolunu oynamalıdır.
Əgər məqsəd biznesin satılmasıdırsa, bu zaman bazarın reallıqları və gəlirlilik daha böyük əhəmiyyət daşıyır. Biznesin nə qədər gəlir yaratmaq imkanı olduğu və həmin gəlirlilik səviyyəsinin bazar üçün nə dərəcədə cəlbedici olması nəzərə alınır.
V.Oruc bildirib ki, kredit verilməsi məqsədilə aparılan qiymətləndirmədə isə daha mühafizəkar yanaşmaya ehtiyac yarana bilər. Çünki gələcəkdə biznesin qarşılaşa biləcəyi mümkün problemlər və kreditin qaytarılmasına təsir göstərə biləcək risklər də nəzərə alınmalıdır.
Qiymətləndirmə həmçinin şirkətdə payların bölünməsi və ya balans dəyərinin müəyyənləşdirilməsi məqsədilə həyata keçirilə bilər. Beləliklə, qiymətləndirmənin məqsədindən asılı olaraq maliyyə göstəricilərinin, aktivlərin, gəlirliliyin, risklərin və digər amillərin qiymətləndirmədəki çəkisi dəyişə bilər.
Biznesin dəyərinə ən çox nə təsir edir?
Biznesin dəyərinə təsir göstərən əsas amillərdən biri gəlirlilik və pul axınıdır.
Biznes nə qədər yüksək gəlir və mənfəət yarada bilirsə, onun dəyərinə də bu amil bir o qədər müsbət təsir göstərir. Yüksək gəlirlilik və böyük həcmdə mənfəət əldə etmək imkanları biznesin üstünlüklərindən biri hesab olunur.
Digər mühüm amil biznesin diversifikasiya imkanlarıdır. Yəni bazarda təhlükə və ya problem yarandığı halda şirkətin fəaliyyət formasını dəyişə və başqa istiqamətə yönələ bilməsi onun dayanıqlığına və dolayısı ilə dəyərinə təsir edir.
Bundan başqa, biznesin böyümə imkanları nəzərə alınmalıdır. Şirkətin nə qədər böyüyə biləcəyi, bazar payını hansı həddə qədər artıra biləcəyi və müştəri bazasını genişləndirmək potensialı qiymətləndirilməlidir.
Rəqabət qabiliyyəti də burada xüsusi əhəmiyyət daşıyır. Biznesin həm daxili bazardakı rəqiblər, həm də xaricdən idxal olunan məhsullar qarşısında nə dərəcədə rəqabətədavamlı olması onun dəyərinə təsir göstərir.
Böyük borclar biznesin dəyərinə mənfi təsir edə bilər
Biznesin borclanması və maliyyə riskləri də qiymətləndirmənin mühüm hissəsidir. Xüsusilə banklar vasitəsilə böyük həcmdə borclanma biznesin dəyərinə mənfi təsir göstərə bilər.
Digər tərəfdən, biznesin güclü təminat bazasının olması onun fəaliyyət imkanlarını genişləndirir. Şirkətin daşınmaz əmlakı, avadanlıqları, eləcə də qeyri-maddi aktivləri – brendi, patentləri, proqram təminatı və digər aktivləri biznesin mövqeyini gücləndirən amillərdir.
Nəticə etibarilə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərinin sözlərinə görə, biznesin dəyərinin müəyyən edilməsini yalnız onun əmlakının və ya hazırkı mənfəətinin hesablanması kimi qəbul etmək düzgün deyil. Burada maliyyə vəziyyətindən bazardakı mövqeyə, gələcək pul axınından borclara, brenddən idarəetmə komandasına, hüquqi risklərdən inkişaf imkanlarına qədər geniş göstəricilər nəzərə alınır.
Ümumiləşdirsək, biznesin dəyərini əsasən üç böyük amil – gəlirlilik, gələcək inkişaf potensialı və mövcud risk səviyyəsi müəyyən edir.












