Məcburi ehtiyat normalarının artırılmasının kredit faizlərinə artırıcı təsiri gözlənilmir.
Eləcə də bax: Azərbaycanda istehlak kreditləri - 5 Milyard Manatı Keçib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
AMB-dən qeyd edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı əvvəlki qərarlar monetar şəraitin inflyasiyaya azaldıcı təsirini gücləndirməkdə davam edir.
İnflyasiya təzyiqlərinin artdığı şəraitdə bank sektorunda mövcud izafi likvidliyin əlavə sterilizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur.
Mərkəzi Bankın 06 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır: "Bizim qiymətləndirmələrimizə görə, məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir. Bu da o deməkdir ki, izafi likvidlik şəraitində məcburi ehtiyat normalarının artırılmasının kredit faizlərinə artırıcı təsiri gözlənilmir".
Xatırladaq ki, 2022-ci ilin may ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 8.5%, ötən ilin eyni ayına nəzərən isə 23.3% artıb. (Apa)