2021-ci ildə də pul siyasətinin prioritet məqsədini milli valyutaya inamın başlıca zəmanətçisi olan qiymət sabitliyi təşkil edəcək.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
AMB bildirir ki, inflyasiyaya təsir imkanlarını gücləndirmək istiqamətində islahatlar 2021-ci ildə də davam etdiriləcək.
Sənəddə həmçinin deyilir ki, 2021-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması təşkil edəcək.
Mərkəzi Bank bu inflyasiya hədəfinə nail olmaq üçün məzənnə, pul təklifi və faiz dərəcələrindən istifadə edəcək.
AMB ertiraf edir ki, istehlakda idxal mallarının əhəmiyyətli paya malik olması məzənnənin başlıca inflyasiya amili olmasını şərtləndirir. Növbəti ildə də valyuta bazarında tarazlıq tədiyə balansının vəziyyətindən, dövlətin valyuta tələbi və təklifindən, habelə iqtisadi subyektlərin məzənnə gözləntilərindən asılı olacaq. Zəruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı təmin etmək üçün hökumətlə birlikdə qabaqlayıcı tədbirlər görüləcək. Valyuta tənzimlənməsinin optimallaşdırılması işləri 2021-ci ildə də diqqətdə saxlanılacaq.
Hədəflərə nail olmaq üçün perspektivdə də AMB bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, verdiyi siyasət qərarlarının ardıcıllığı və effektivliyini diqqətdə saxlayacaq. Pul siyasətinin transmissiya effektini gücləndirmək, habelə pul bazarının aktivləşməsini və gəlirlik əyrisinin formalaşmasını dəstəkləmək üçün əməliyyat prosedurlarının təkmilləşdirilməsi davam etdiriləcək.
Elman Rüstəmovun rəhbərlik etdiyi qurum gələn il pul siyasətində konservativ olacaq. Sənəddə deyilir ki, pul siiyasətinin izafi yumşalmasının mümkün neqativ nəticələri nəzərə alınmaqla risklərin qiymətləndirilməsi zamanı konservativ mövqe saxlanılacaq.
Mərkəzi Bank gözləyir ki iqtisadiyyatda tələbin azalması 2021-ci ilin birinci rübündə də davam edəcək.
"2021-ci ilin ilk rübündə inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyünü qoruyacağı gözlənilir. Bu dövrdə dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşa bilər"-deyə bildirilir.
Risk balansını və qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla inflyasiyanın hədəfdə saxlanılması növbəti ildə də əhəmiyyətli dərəcədə iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət üzrə effektiv koordinasiyadan asılı olacaq.
Digər tərəfdən, Mərkəzi Bank ümid edir ki, ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymət sabitliyi üçün əhəmiyyətlidir.
AMB inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2021-ci ildə də davam etdirəcək. Pul siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi, transmissiyada faiz kanalının gücləndirilməsi şərtlərinin realizasiyası xüsusi diqqətdə saxlanılacaq. Yeni bank qanunvericiliyi də AMB-nin bütün istiqamətlərdə fəaliyyətinin institusional əsaslarını qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaqla onun başlıca mandatı olan qiymət sabitliyinə təsirini gücləndirəcək.