ÜDM (Ümumi Daxili Məhsul) və ÜMM (Ümumi Milli Məhsul) arasındakı fərq nədir? Məsələn, Rusiya Federasiyasında çalışan bir azərbaycanlı ölkə iqtisadiyyatına necə təsir edir?
Ümumi daxili məhsul (ÜDM) bir ölkənin sərhədləri daxilində istehsal olunan hazır daxili məhsul və xidmətlərin bazar dəyərinin cəmidir. Ümumi milli məhsul (ÜMM) isə ölkə vətəndaşları tərəfindən həm ölkə daxilində, həm də xaricdə istehsal olunan bütün hazır məhsul və xidmətlərin bazar dəyərinin cəmidir.
ÜDM və ÜMM ölkələrin iqtisadiyyatlarının həcmini ölçmək üçün ən çox istifadə olunan iqtisadi alətlərdəndir. Hər ikisi müəyyən dövr (adətən 1 il) ərzində istehsal olunan bütün mal və xidmətlərin ümumi bazar dəyərini təmsil edir. Bununla belə, ÜDM-də ölkə sərhədləri, ÜMM-də isə ölkə vətəndaşları əsas rol oynayır.
ÜDM yerli və ya milli iqtisadiyyatın göstəricisi olsa da, ÜMM hər hansı dövlətin vətəndaşlarının ölkə iqtisadiyyatına necə töhfə verdiyini əks etdirir. ÜMM sadəcə vətəndaşlıq amilini əsas götürür, coğrafi məkana diqqət yetirmir. Ona görə də qeyd etmək lazımdır ki, ÜMM-nin hesablanması zamanı ölkə daxilində xarici rezidentlər tərəfindən istehsal olunan mal və ya xidmətlərin bazar dəyəri nəzərə alınmır.
Məsələn:
Fərz edək ki, 1 il ərzində 5 iqtisadi subyekt tərəfindən aşağıdakı şəkildə mal və ya xidmət istehsal olunmuşdur:
- Azərbaycanlı sahibkar tərəfindən 5 manat dəyərində pomidor istehsal olunmuşdur
- Azərbaycan dövlətində məxsus şirkət tərəfindən 20 manat dəyərində neft və qaz məhsulu istehsal olunmuşdur
- Türkiyəli iş adamına məxsus şirkət tərəfindən Azərbaycanda 10 manat dəyərində mebel istehsal olunmuşdur.
- Türkiyəli vətəndaş tərəfindən Azərbaycanda 2 manat dəyərində bərbərlik xidməti göstərilmişdir.
- Azərbaycanlı vətəndaş tərəfindən Rusiya Federasiyasında 3 manat dəyərində dərzi xidməti göstərilmişdir.
Yuxarıdakı nümunəyə əsasən Azərbaycanın ÜDM-ni hesablayanda 1,2,3 və 4 nömrəli, Azərbaycanın ÜMM-ni hesablayanda isə 1,2,5 nömrəli bəndlər nəzərə alınır. ÜDM ölkə sərhədləri daxilində istehsal olunan mal və ya xidməti, ÜMM isə ölkə vətəndaşları tərəfindən istehsal olunan mal və ya xidməti əsas götürür. Məsələn qeyd etmək mümkündür ki, Rusiya Federasiyasında çalışan milyonlarla azərbaycanlı iş adamı Azərbaycanın ÜMM-nin artmasına birbaşa təsir göstərirlər.
Müəllif: Elvin Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı