Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.
FED.az "xəzərxəbər"-ə istinadən xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bugünkü iclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunacaq. Komitə sədri qeyd edib ki, illər keçdikcə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür. Büdcə layihəsi "Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq vaxtında Milli Məclisə təqdim edilib. 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir.
Eləcə də bax: “İri dövlət şirkətləri dividendlər - HESABLAMIR VƏ ÖDƏMİRLƏR”
Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.
Sonra çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir.
Vüqar Gülməmmədov cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı dayanır. Nazir qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə bildirib ki, 2020-ci ildə qarşımızda dayanan başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. Elman Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə əldə olunmuş uğurlardan danışıb. Qeyd edib ki, bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq. Səfər Mehdiyev bildirib ki, gələn il də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.
Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov Fondun gəlir və xərcləri barədə məlumat verib. Bildirib ki, gələn ilin büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub.
2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı çıxış edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Fazil Mustafa və Mirzəcan Xəlilov büdcə layihəsi barədə fikirlərini bildiriblər, qeydlərini və təkliflərini veriblər.
İclasın sonunda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirib, bir sıra təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.
Sonra 2020-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Bununla da beş komitənin birgə iclası başa çatıb.