Bazar iqtisadiyyatı şəraitində sahibkarlar rəqabət prinsiplərinə uyğun olaraq istehsal etdikləri məhsulların satışını stimullaşdırmaqda və onları digər sahibkarların əmtəələrindən fərqləndirməkdə maraqlı olurlar. Buna görə də sahibkarlar öz əmtəələrinə adlar, başqa sözlə, əmtəə nişanı müəyyən edir və məhsullarını bazara həmin adla təqdim edirlər.
«Az Estetik Group» başqa şirkətin əmtəə nişanından istifadə etməkdə günahlandırılır - İŞ QALDIRILDI
Bu adların tanıdılması və istehlakçıların rəğbətinin əldə edilməsi üçün sahibkarlar əmtəələrin keyfiyyət və təhlükəsizliyinin daim artırılması, habelə reklam və s. tədbirlər görürlər ki, bunun üçün müəyyən vəsait tələb edilir. Bu baxımdan, əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması xüsusi önəm kəsb edir.
FED.az xəbər verir ki, bu sahədə görülən işlər barədə yaranan sualları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev cavablandırıb.
– Əmtəə nişanı nədir və onlar necə qorunur?
– Əmtəə nişanı sahibkarın öz əmtəə və ya xidmətlərini digər sahibkarın əmtəə və ya xidmətlərindən fərqləndirməyə xidmət edən qrafik təsvir olunan nişandır. Təəssüf ki, bazarda keyfiyyətinə və digər parametrlərinə görə tanınan əmtəələrin adından (əmtəə nişanından) bəzi hallarda digər sahibkarlar icazəsiz olaraq istifadə edirlər. Bu da əmtəə nişanının sahibinin haqlı narazılığına, həmçinin istehlakçıların çaşdırılmasına səbəb olur. Buna görə də əmtəə nişanları qanunla mühafizə edilir.
Sahibkarın əmtəə nişanlarına dair hüquqları onun əqli mülkiyyət hüququ hesab olunur və bu hüquqlar qanunla qorunur. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsinə görə qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub.
Azərbaycan Respublikasında əmtəə nişanları Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınır. Əmtəə nişanının qeydiyyata salınması məcburi tələb deyil. Bununla belə, qeydiyyata alınan əmtəə nişanları qanunvericiliklə qorunur. Qeydiyyatı aparılan əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa).
Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Buna görə də sahibkarlar öz əmtəələri üçün müəyyən etdikləri əmtəə nişanlarının qeydiyyata salınmasında maraqlı olmalıdırlar ki, gələcəkdə onların əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı tələbləri hüquqi cəhətdən daha əsaslı olsun.
– Əmtəə nişanından qanunsuz istifadəyə görə məsuliyyət nəzərdə tutulurmu?
– Əmtəə nişanından qanunsuz istifadəyə görə hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması məsuliyyətə səbəb ola bilər. İnzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən tərtib edilir, inzibati xətalar haqqında işlərə isə rayon (şəhər) məhkəmələrində baxılır.
Əmtəə nişanından qanunsuz istifadə edilməsi əmtəə nişanının sahibinin hüquqlarının pozulması ilə yanaşı, bəzi hallarda ona qarşı haqsız rəqabətə səbəb olur. Əmtəə nişanından qanunsuz istifadə nəticəsində haqsız rəqabət hallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir.
Göründüyü kimi, əmtəə nişanından qanunsuz istifadənin formasından, yerindən, əmtəə növündən, mahiyyətindən və s. asılı olaraq qanunvericilikdə müvafiq tələblər müəyyən edilib. Belə ki, əmtəə nişanının, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır.
Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də əmtəə nişanından istifadə sayılır. Habelə həmin hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə hesab olunur.
– Əmtəə nişanından qanunsuz istifadə zamanı haqsız rəqabət əlamətləri hansılardır?
– Əmtəə nişanından qanunsuz istifadə zamanı haqsız rəqabət əlamətləri yalnız aşağıdakılar birlikdə olduğu təqdirdə mümkündür:
* əmtəə nişanının sahibi və həmin əmtəə nişanından qanunsuz istifadə edildiyi iddia edilən şəxslər bazar subyektləridir, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar;
* əmtəə nişanının sahibi həmin əmtəə nişanını qeydə alınmış (aid olduğu) əmtəələr üzrə sahibkarlıq sahəsində faktiki istifadə edir;
* əmtəə nişanından qanunsuz istifadə edildiyi iddia olunan bazar subyekti həmin əmtəə nişanının sahibi ilə rəqibdir;
* əmtəə nişanından qanunsuz istifadə edildiyi iddia olunan bazar subyekti həmin əmtəə nişanı ilə təchiz edilmiş əmtəələri bazara çıxarır və ya bununla əlaqəli fəaliyyəti göstərir.
– Əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi nə ilə nəticələnə bilər?
– “Haqsız rəqabət haqqında” Qanunda əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsinə görə çox ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, bazar subyektlərinə əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə isə iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. Odur ki, bazar subyektlərindən digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verməmələri xahiş olunur.
Əlavə olaraq bildirirəm ki, 2022-ci ildə Dövlət Xidmətinə əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi ilə bağlı 122 müraciət daxil olub. Bunlardan 41 müraciət təmin edilib, 70 müraciət üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, bir müraciət icraata alınıb və 10 müraciətə baxılması davam edir. Daxil olmuş müraciətlərin araşdırılması zamanı digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə 25 bazar subyekti barəsində 21 iş qaldırılıb, 16 işə baxılması başa çatıb.
Qanun pozuntusuna yol vermiş bazar subyektləri tərəfindən rəqiblərinin əmtəə nişanlarından qanunsuz istifadə edilməklə yol verdikləri haqsız rəqabət halları aradan qaldırılıb, habelə gələcək fəaliyyətində haqsız rəqabətə yol verməməsi barədə həmin bazar subyektlərinə göstərişlər verilib.
Bazar subyektləri onlara məxsus əmtəə nişanlarından qanunsuz istifadə halları ilə rastlaşdıqda müvafiq təsdiqedici sənəd və materiallar əlavə edilməklə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. (Oxu.az)