2025-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar azalıb.
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 28% artıb
FED.az biznes və maliyyə xəbərləri protalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat investisiya yatırılıb. Bu 2024-cü illə müqayisədə 5,6 faiz və ya inflyasiyanı nəzərə alanda təqribən 1,2 milyard manat azdır.
2025-ci ildə iqtisadiyyata yatırılan investisiyanın 5 milyard 340 milyon manatı neft-qaz sektoruna, 15 milyard 886 milyon manat isə qeyri-neft qaz sektoruna yatırılıb.
2024-cü illə müqayisədə hər iki istiqamətdə yatırımlar azalıb – belə ki, neft-qaz sektoruna investisiyalar 10,3 faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 faiz azalıb.
İstifadə olunmuş investisiyanın 10 milyard 972,1 milyon manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə, 7 milyard 179,6 milyon manatı (33,8 faizi) xidmət sahələrinə, 3 milyard 74,4 milyon manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 17 milyrad 23 milyon manatını və ya 80,2 faizini daxili investisiyalar, 4 milyard 203 milyon manatını və ya 19,8%-ni xarici investisiyalar təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə ölkəyə yatırımların həcmində daxili investisiyalar 18 milyard 146 milyon manat və 84,7%, xarici investisiyalar isə 3 milyard 278 milyon manat və ya 15,3% təşkil etmişdi.
Başqa sözlə, 2025-ci ildə ölkə iqtisadiyyatına xarici investisiyaların həcmi artıb.











