Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti güzəştli mənzil satışının ilin sonuna planlaşdırılması gözlənilir.
MİDA Lənkəran, Şirvan və Yevlaxda 535 güzəştli mənzilin satışına başlayıb
FED.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışının başlaması ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün MİDA-nın Lənkəran, Yevlax və Şirvan Yaşayış Komplekslərində ümumilikdə 535 mənzilin seçiminə başlanılıb.
“Seçim bu gün saat 11:00-da başlayıb və saat 16:00-dək davam edəcək. Eyni zamanda, gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-dan etibarən saat 16:00-dək davam edəcək. Artıq mənzillərin böyük hissəsi vətəndaşlar tərəfindən seçilib”, - deyə C.Əmirov qeyd edib.
Onun sözlərinə görə, bundan əvvəl mənzil seçimi prosesi real vaxt rejimində ictimaiyyətə nümayiş etdirilib, sistemdə tətbiq edilən yeniliklər və təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
“Bu təhlükəsizlik tədbirlərinin əsas məqsədi hər bir vətəndaş üçün bərabər seçim şəraitinin yaradılması, şəffaflığın, operativliyin və, təbii ki, seçim prosesinin tam təhlükəsiz formatda keçirilməsinin təmin olunmasıdır”, - aparat rəhbəri bildirib.
Aparat rəhbəri bugünkü mənzil seçimi prosesində tətbiq olunan yeniliklərdən birinin mənzil sifarişi ərizəsinin imzalanması tələbinin aradan qaldırılması olduğunu açıqlayıb.
“Bugünkü mənzil seçimi ilə bağlı bizim tərəfimizdən bir neçə yenilik tətbiq olunub. Bunlardan biri mənzil seçimi prosesində, yəni bu prosesin daha effektiv həyata keçirilməsi üçün mənzil sifarişi ərizəsinin imzalanmasının tələb olunmamasıdır. Bu da öz növbəsində vətəndaş üçün əlavə vaxt itkisinin qarşısını alacaq və prosesin daha effektiv həyata keçirilməsinə şərait yaradacaq”, - C.Əmirov vurğulayıb.
Onun sözlərinə görə, vətəndaş mənzilə baxış mərhələsində “Təsdiq et” düyməsini sıxdıqda dərhal ərizəçi statusunu əldə edəcək.
C.Əmirov qeyd edib ki, Agentlik tərəfindən indiyədək 11 güzəştli mənzil layihəsi tamamlanıb və artıq 12 minə yaxın ailə mənzil sahibi olub.
“Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti təkcə Bakı şəhərini deyil, eyni zamanda respublikamızın müxtəlif regionlarını da əhatə edir. Artıq bizim tərəfimizdən Bakı şəhərinin Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də reallaşdırılan layihələrimiz var”, - deyə o əlavə edib.
Aparat rəhbəri Türkiyənin Kahramanmaraş vilayətində həyata keçirilən layihə barədə də məlumat verib.
O bildirib ki, Azərbaycan məhəlləsinin inşası ilə bağlı Azərbaycanın əsas icraçı qurumu olan MİDA tərəfindən Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası binasının, eyni zamanda ümumilikdə 26 binadan ibarət 4 yaşayış məhəlləsinin tikintisi tam başa çatdırılıb.
“Hazırda da tərəfimizdən mədəniyyət mərkəzinin tikintisi davam etdirilir”, - C.Əmirov deyib.
Növbəti güzəştli mənzil satışına toxunan aparat rəhbəri bildirib ki, satışın ilin sonuna həyata keçirilməsi planlaşdırılır.
“Qeyd olunan satışda hansı layihələrdə mənzillərin olacağı barədə məlumatlar müvafiq qaydanın tələblərinə uyğun olaraq ən azı satışa 30 gün qalmış, yəni 30 gün öncədən elanlarda veriləcək. Bu məlumat həm Agentliyin rəsmi internet səhifəsində, eyni zamanda müxtəlif media resurslarında öz əksini tapacaq”, - deyə o bildirib.
C.Əmirov növbəti satışda Bakı şəhərində mənzillərin olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb.
O qeyd edib ki, növbəti satışlarla bağlı daha ətraflı məlumatlar elan verildikdə ictimaiyyətə təqdim olunacaq. (Trend)












