2026-cı ilin ilk altı ayı ərzində Azərbaycanın daşınmaz əmlak sektoru həm regional mürəkkəb iqtisadi fon, həm də daxili urbanizasiya prosesləri şəraitində yüksək fəallıq və dayanıqlılıq nümayış etdirib.
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
FED.az xəbər verbr ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov bildirib.
Onun sözlərinə görə, inşaat sektorunda maya dəyərinin 7 faizə yaxın artması birbaşa olaraq yekun satış qiymətlərində öz əksini tapıb:
“Bakı şəhərinin inzibati rayonları üzrə qiymət artımı dinamikası fərqli templərlə xarakterizə olunub. Ən yüksək qiymət artımı infrastruktur layihələrinin və yenidənqurma işlərinin intensiv aparıldığı Yasamal rayonunda qeydə alınıb. Bu rayonda kvadratmetrin orta qiyməti illik müqayisədə 19,4 faiz artaraq 2950 ilə 3250 manat diapazonunda formalaşıb.
Nərimanov rayonunda 17,2 faizlik artımla kvadratmetr üçün qiymətlər 3 100-3 850 manat, Xətai rayonunda 15,6 faiz artımla 2 600-3 100 manat, Nəsimi rayonunda 14,5 faiz artımla 3 500-3 700 manat, Səbail rayonunda isə 12,8 faiz artımla 3 950-4 600 manat aralığında dəyişib. Nizami rayonunda 11,3 faizlik artımla orta qiymət 2 450-2 750 manat təşkil etdiyi halda, şəhərkənarı və ətraf rayonlarda artım daha mülayim xarakter daşıyıb. Binəqədidə 9,8 faiz, Sabunçuda 7,4 faiz, Suraxanıda 6,2 faiz və Xəzər rayonunda 5,5 faiz artım müşahidə olunub”.
Əmlak eksperti qeyd edib ki, icarə və kirayə bazarında ilin birinci yarısında müəyyən balanslaşma mərhələsi yaşanıb:
“Paytaxtın mənzil fondunda kirayə mənzillərin xüsusi çəkisi 15-18 faiz ətrafında dəyişir. İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi də sektora əlavə stimullandırıcı təsir göstərib. Təkcə yarımil ərzində 500-ə yaxın ailə bu imkandan yararlana bilib”.
Əlavə edib ki, bazar göstəricilərinin beynəlxalq standartlarla təhlili həm investorlar, həm də sıravi mənzil alıcıları üçün uzunmüddətli sabitlik zəmanəti yaradır. (Marja)














