Son illər Azərbaycanda torpaqlara nəzarət, qanunsuz zəbt edilməsinə qarşı mübarizə ilə yanaşı, uzun illər salınan, ancaq sənədsiz qalan böyük yaşayış massivlərinin taleyi də müzakirə edilir. FED.az portalı "Daşınmaz Əmlak" jurnalına istinadən bu və digər məsələlərlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyevin müsahibəsini təqdim edir:
- Mohuma müəllim, Azərbaycan Respublikasının vahid torpaq fondunda dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olan nə qədər torpaq sahəsi var? Onlar hansı kateqoriyalara bölünür?
- 2018-ci il yanvarın 1-nə olan son torpaq balansına görə, Azərbaycan Respublikasının vahid torpaq fondu 8 milyon 655 min 481 hektar təşkil edir. Bundan 4 925 584 hektarı (56,91%) dövlət mülkiyyətində, 2 027 573 hektarı (23,42%) bələdiyyə mülkiyyətində, 1 702 324 hektarı isə (19,67%) xüsusi mülkiyyətdə olan torpaqlardır. (Ümumi fonda daxil olan torpaqlardan 1 milyon 221 min 500 hektara yaxını işğal altındadır-çıxarılsın).
Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycanın vahid torpaq fondu 7 kateqoriyaya bölünür. Ən böyük torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu, ümumi fondun 58,54%-ni vəya 5 milyon 66 min 761 hektarını təkil edir.
- yaşayış məntəqələrinin torpaqları – 436 546 hektar (5,05%),
- sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar – 340 226 hektar (3,93%)
- xüsusi qorunan ərazilərin torpaqları – 438 142 hektar (5,07%)
- meşə fondu torpaqları - 712 342 hektar (8,23%)
- su fondu torpaqları – 146 339 hektar (1,69%)
- ehtiyat fondu torpaqları - 293 595 hektar (3,40%).
Eləcə də bax: Meriya Bakıda növbəti ərazini "təmizlədi" - SÖKÜNTÜLƏR
- Torpaqlardan istifadəyə nəzarətin həyata keçirilməsi necə təşkil olunur?
- Biz nəzarət sistemindən öncə bir maarifləndirmə sistemini önə çəkmişik. İlk növbədə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəyə götürən insanlara torpaq qanunvericiliyi ilə bağlı olan məsələləri izah etməyə çalışırıq. Vətəndaş qanunvericilikdə olan dəyişikliyi və ya mövcud qaydaları bilmədiyi üçün qanunu poza bilər. Son dövrlərdə İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləği artırılıb. Eləcə də Cinayət Məcəlləsində cəza tədbirləri gücləndirilib. Adam bunları bilmədən qanun pozuntusu edibsə, onun vaxtında qarşısının alınması üçün biz təbliğat mexanizmindən istifadə edirik. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti müfəttişlərimiz tərəfindən gündəlik monitorinqlər aparılmaqla həyata keçirilir. Pozuntu halları aşkar olunduqda qarşısının alınması üçün ilk növbədə, xəbərdarlıq edilir. Əgər pozuntu halı aradan qaldırılmadıqda isə inzibati protokol yazılaraq cərimə tətbiq edilir. Torpaqların özbaşına hasarlanması və ya zəbt olunması halları müəyyən edildikdə isə cinayət əməlinin əlamətləri mövcudluğu təsdiq olunduqda sənədlər hüquq mühafizə orqanlarına təqdim olunur. Torpaqlara nəzarət təkcə monitorinqlər yolu ilə aparılmır. Bildiyiniz kimi, ölkəmizdə torpaqların elektron kadastr uçotu sistemi yaradılır. Həmin işlərin tamamlandığı Şəki, Ağsu, Salyan və digər rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlarda müəyyən olunmuş qeyri-qanuni tikinti işləri, təyinat dəyişmə, torpağın korlanması və digər pozuntu halları barədə elektron məlumatlar əsasında tədbirlər görülür.
Hazırki dövrədək müfəttişlər tərəfindən 2746 inzibati protokol tərtib edilərək 1,7 milyon manat cərimə tətbiq edilmiş, 930 halda sənədlər hüquq mühafizə orqana orqanına təqdim olunub.
- Vətəndaşlar əsasən, hansı pozuntu hallarına yol verirlər?
- Əgər inzibati xəta prizmasından baxsaq, daha çox torpağın üst qatının korlanması və təyinatından kənar istifadə hallarına yol verilir. Cinayət Məcəlləsinə nəzərən baxanda isə torpaqların zəbt olunması üstünlük təşkil edir. Eyni zamanda Xəzər dənizinin mühafizə zolağında aparılan tikintilər və yaxud dənizə çıxışın, görüntünün bağlanması kimi hallar da var. Maariflənmə tədbirləri həyata keçirləndən sonra torpaq qanunvericiliyinin pozulması ilə bağlı yerlərdə monitorinqlər aparılır. Müfəttişlər hər hansı qanun pozuntusu aşkar etdikdə vətəndaşlara bu barədə bildiriş verilir və inzbati protokol tərtib edilərək müəyyən vaxt çərçivəsində qanunvericiliyin pozulmasının aradan qaldırılması tələb olunur. Bu müddət ərzində dəyişiklik olmazsa, onlarla bağlı qərar qəbul olunaraq inzibati təbdirlər seçilir, cərimə olunurlar. Əgər cinayət işi baş veribsə, cinayət işinin başlanması ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat göndərilir. Hazırda 1000-ə yaxın belə hal üzrə hüquq mühafizə orqanlarında cinayət işi açılıb, araşdırma aparılır.
- Pozuntu halları əsas hansı ərazilərdə üzə çıxır?
- Torpaq qanunvericiliyinin pozulması əvvəllər Abşeron rayonu ərazisində və Bakı şəhərində bu rayonun idarəçiliyində olan torpaqlarda daha çox idi. Bütün mülkiyyət növlərinə aid olan torpaqlarda belə hallar baş verirdi. Bu da insanların rayonlardan paytaxta axını ilə bağlı olub. Artıq təbliğat mexanizmi, qanunvericilik bazasının təkmilləşməsi, nəzarətin gücləndirilməsi hesabına torpaqların zəbt olunması halları xeyli azalıb. Ancaq davam edən cinayət halları var. Onlarla bağlı tədbirlərimizi daim davam etdiririk.
- Bəs Bakının rayonlarının ərazisində Abşeron rayonun idarəçiliyində olan torpaqların taleyi nə yerdədir? Onlar idarəçilikdən çıxarılacaqmı?
- Bu gün həqiqətən həmin torpaqların idarə edilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Bunu Abşeronun, digər rayonların icra hakimiyyətləri də, Bakı şəhər İcra Hakimiyyəti də etiraf edir. Qanunla həmin torpaqların idarə edilməsi səlahiyyəti Abşeron rayonundadır. Yəni, Bakının ərazisində yerləşməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin o işlərə qarışmaq səlahiyyəti yoxdur. Biz də bu məsələni hökumət strukturları ilə birgə müzakirə etmişik. Düşünürük ki, həmin torpaqlar Bakı şəhər İcra Hakimiyyətinə qaytarımalıdır. Bundan sonra isə ərazilər Bakının bələdiyyələrinə verilməlidir. Bununla da insanlar evlərini, digər əmlaklarını sənədləşdirməlidirlər.
- Peyk vasitəsilə torpaqlara nəzarət sistemi nə vaxt işə düşəcək? Bunun hansı imkanları və üstünlükləri var?
- Azərbaycan Respublikasında torpaqlara nəzarətin ən qabaqcıl Avropa ölkələrinin təcrübəsindən yeni model - “Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi” layihəsi Sloveniyanın "Sinergise, laboratory for geographic information systems Ltd” və “Land Support Systems S.R.L.” şirkətlərindən ibarət konsorsium arasında bağlanan 08 fevral 2018-ci il tarixli satınalma müqaviləsinə əsasən reallaşdırılıb. Tətbiq ediləcək sistem vasitəsi ilə hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr ayırdetmə çəkilişlərini aparmaqla nəzarət mexanizminin qurulması mümkün olacaq və torpaq sahələrində baş verən bütün fiziki və təbii dəyişikliklərin kameral şəkildə monitorinqlərinin aparılmasına şərait yaradacaqdır. Bununla bağlı icraçı şirkətlə mütəmadi iş birliyi çərçivəsində hazırlıq işləri görülür. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin əmri ilə işçi qrupu yaradılıb, icraçı təşkilatın nümayəndələri tərəfindən Agentliyin işçilərinə treninqlər keçirilir. Hazırda şirkətin mütəxəssisləri proqram təminatının yaradılması ilə məşğuldur. Eyni zamanda torpaqların mövcud vəziyyətinin məlumat bazasınn yaradılması üçün texniki icra prosesi gedir. Yeni peyk nəzarət sistemi gələn ilin aprelində fəaliyyətə başlayacaqdır.
- Torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı daxil olan müraciətlərə hansı qaydada baxılır, kateqoriyanın dəyişdirilməsi necə həyata keçirilir? Prioritetlər nələrdir?
- Səmərəsiz istifadə olunan və ya istifadə edilməyən dövlət mülkiyyətinə aid qış otlaqlarının, bələdiyyə mülkiyyətindəki örüş sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, aqroparkların və iri təsərrüfatların yaradılması, eləcə də dövlət ehtiyacları ilə bağlı torpaqların sənaye, nəqliyyat, rabitə, müdafiə məqsədləri üçün kateqoriyasının dəyişdirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından və müvafiq bələdiyyələrdən müraciətlər daxil olur. Eyni zamanda xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlarda saxlama anbarlarının tikintisi və stasionar heyvandarlığın inkişafı məqsədilə həmin torpaqların kateqoriyasının dəyişdirilməsi ilə əlaqədar torpaq mülkiyyətçilərindən də müraciətlər daxil olur.
Torpaqların kateqoriyasının dəyişdirilməsi Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" əsasən həyata keçirilir. Kənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli istifadə edilməsi məqsədilə torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, müvafiq yerli icra hakimiyyəti orqanlarının, mənafeyinə toxunulan digər təşkilatların rəylərinə əsasən, habelə qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının stimullaşdırılması və idxaldan asılılığın azaldılması məqsədi ilə taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi üçün əsasən səmərəsiz istifadə olunan torpaqların əkin dövriyyəsinə daxil edilməsi üstünlük təşkil edir. Ötən dövr ərzində 188 464,7 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilib.
- Bakıda və Abşeron rayonu ərazisində əvvəllər kənd təsərrüfatı təyinatlı olan torpaqlarda xeyli sayda fərdi evlər tikilib, uzun illərdir insanlar orada yaşayırlar. Ancaq hələ də öz mülkiyyət hüquqlarını əldə edə bilmirlər. Bu məsələ müzakirə olunurmu? Hansısa qərar varmı?
- Bununla bağlı kifayət qədər araşdırmalar aparılıb. Aidiyyati qurumlarla müzakirə edilib. Ən ağır vəziyyət Bakıda Abşeronun rayonunun idarəçiliyində olan torpaqlardadır. Burada böyük yaşayış massivləri formalaşıb və insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər. Bu da bir çox problemlərlə nəticələnir. Həmin məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mövqeyi ondan ibarətdir ki, əgər həmin ərazidə artıq yaşayış məntəqəsi formalaşıbsa, insanlar yaşayırsa, məktəb, uşaq bağçası tikilibsə, yollar çəkilibsə, torpaqların geri qaytarılması iqtisadi cəhətdən səmərə vermirsə, hesab edirik ki, bu torpaqların kateqoriyası dəyişdirilməlidir. Amma bir şərtlə ki, gələcəkdə qanunsuz tikintilərin aparılması, yaşayış massivlərin salınması kimi hallar təkrarlanmasın. Yəqin ki, qısa dövr ərzində həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq.
- Xəzərin sahilboyu mühafizə zolağına aid torpaqların monitorinqi ilə bağlı işlər nə yerdədir?
- Məlumat üçün deyim ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının kağız üzərində və rəqəmsal formada qrafik təsviri hazırlanaraq aidiyyəti üzrə Nazirlər Kabinetinə təqdim olunub və Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli, 315 nömrəli Qərarı ilə təsdiq edilib.
Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində 140 obyektdə aparılan monitorinq nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə 50 hal üzrə inzibati xəta törədən şəxslər 388 min manat cərimə olunub, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib. Sumqayıt – Novxanı yolu boyunca mövcud olan 14 hal üzrə sənədlər özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmə 2 iddianı təmin edib, 12 iddia ilə bağlı ekspertiza təyin olunub. Xətai rayonu Naximov küçəsi ünvanında 46 halda Xəzər dənizi sahilinə torpaq sahəsinin tökülməsi və orada qeyri-qanuni tikinti işlərinin aparılması fakları ilə bağlı sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. İşlər davam etdirilir.
- Strateji obyektlərin mühafizə zolaqlarında yerləşən torpaqların bir hissəsində fərdi evlər tikilib. Onların taleyi necə olacaq? Bununla bağlı müzakirələr və ya hansısa sənəd varmı?
- Ən ciddi problemlərdən biri də budur. Ötən dövr ərzində ölkənin strateji obyektlərinin və kommunikasiya xətlərinin, yəni yüksək gərginlikli elektrik xətlərinin, neft-qaz kəmərlərinin, dəmir yolu, avtomobil yolu, rabitə xətləri, su kəmərlərinin mühafizə zolaqlarında əvvəlki illərdə çoxlu sayda fərdi yaşayış evləri, sosial, ticarət, sahibkarlıq və digər təyinatlı tikintilər aparılıb. Hər an təhlükə mənbəyi olan, eləcə də ölkənin təhlükəsizliyinə xələl gətirən belə halların vaxtında aradan qaldırılması barədə aidiyyəti təşkilatlara müraciətlər edilib. Həmin məsələlərin müzakirə olunması və birgə araşdırılması məqsədi ilə komissiyaların yaradılması təklif olunub.
Bu torpaqların idarə edilməsi birbaşa kommunikasiya fəaliyyətini həyata keçirən orqanlara, şirkətlərə məxsus olduğu üçün mübarizəni də ilk növbədə, həmin qurumlar aparmalıdır. Eyni zamanda qanunsuz tikililərin ləğv edilməsini, sakinlərin köçürülməsini və yaxud kommunikasiya xətlərinin yerinin dəyişdirilməsini də onlar özləri həyata keçirməlidirlər. İlk növbədə, həmin torpaqların kadastr işləri görülməli, kadastr planları hazırlanmalıdır. Koordinatlar dəqiqləşməlidir. Mühafizə zolağına düşən torpaqlarda nə qədər qanunsuz tikilinin olması həmin planda əksini tapmalıdır. Kadastr planı gələcəkdə baş verən dəyişikləri izləməyə, nəzarət etməyə imkan verəcək. Təəsüf ki, həmin qurumların mükəmməl kadastr planları hələki yoxdur. Bununla bağlı biz yenidən Nazirlər Kabinetinə müraciət edəcəyik ki, onlar bu kadastr planlarını hazırlasınlar.
- Süni göllərin və daş karxalalarının istifadəsində olan torpaqların vəziyyəti necədir? Həmin ərazilərdə torpaqların bərpası üçün hansı addımlar atılır?
Aparılan tədbirlər nəticəsində 529 balıq gölünün və 585 daş və qum-çınqıl karxanasının dislokasiyası və elektron bazası yaradılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə aparılan tədbirlər nəticəsində 147 süni göldə və 250 karxanada torpaq qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunaraq onların fəaliyyəti dayandırılıb. 228 balıq gölü və 127 karxanada baş verən qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 25 balıq gölü və 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları üzə çıxdığından tərtib olunmuş sənədlər tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib. Fəaliyyəti dayandırılan Abşeron yarımadasındakı daş karxanalar tərəfindən korlanmış torpaqların bərpası ilə bağlı Nazirlər Kabinetinə məktubla müraciət olunub, rayon icra hakimiyyəti nümayəndələri ilə görüşlər keçirilib. Həmin torpaqların xəritələşdirilməsi, rekultivasiya işləri aparılmaqla torpaqların bərpa edilməsi məqsədi ilə işçi qruplarının yaradılması razılaşdırılıb. Onu da qeyd edim ki, balıq göllərinin ləğv edilməsi nəticəsində 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq kənd təsərrüfatı dövriyyəsinə daxil edilib.
Mənbə: "Daşınmaz Əmlak" jurnalı
«Abşerondakı torpaqlar Bakı İcra Hakimiyyətinə qaytarımalıdır» – MÜSAHİBƏ
15:48
7 Sen 2018