Prosessorlar və çiplərin istehsalı üzrə dünyanın aparıcı istehsalçısı olan ABŞ-ın «Nvidia» şirkətinin gəlirlərinin kəskin artımı ona gözlənilməz problem yaradıb.
Xatırladaq ki, «Nvidia»nın məhsulları süni intellekt, video oyunlar, kompüter, mobil telefon, yüksək tezlikli hesablamalar, avtomsobil sənayesində mühüm yer tutur.
FED.az xəbər verir ki, «Nvidia»nın sürətli böyüməsi səbəbindən şirkətdə uzunmüddət işləyən işçilər – «veteranlar» ildə 1 milyon dollardan çox qazanır və «yarımpensiya» rejimində işləyirlər.
Qeyd edək ki, süni intellekt bumu sayəsində «Nvidia» böyük gəlirlər əldə edib və çox qısa müddət ərzində kapitallaşmasını kəskin artırıb. Son bir ildə şirkətin səhmləri üç dəfə bahalaşıb, son 5 ildə isə səhmin qiymətində 1000%-dən çox artım baş verib.
İlk baxışdan bu əla olsa da, indi məlum olur ki, belə sürətli yüksəlişin çox gözlənilməz və maraqlı bir çatışmazlığı var – şirkətin işçiləri tənbəlləşiblər.
İş o yerə çatıb ki, «Nvidia»nın baş direktoru Jensen Huang şirkətin daxili iclasında bu məsələni problem kimi qaldırıb.
Problem ondan ibarətdir ki: şirkətin bir neçə ildir «Nvidia»da işləyən bir çox işçi «yarıpensiya» adlandırılan rejimə keçbilər. Həmin işçilər fəal işləməyə, təşəbbüs göstərməyə can atmırlar, bir sözlə çox rahat şəkildə işləyirlər.
Səbəbi işçilərin gəlirlərinin artımıdır – məsələ bundadır ki, həm «Nvidia» səhmlərinin dəyərindəki təsirli artım, həm də artan maaşlar sayəsində belə işçilər ildə 1 milyon dollardan çox pul alırlar.
Birdən-birə külli miqdarda pul əldə edən işçilər aktiv işləmək motivasiyasını itirirlər. Təbii ki, digər əməkdaşlar bundan narazı qalmağa başlayıblar, onlar «veteranlar»ı öz işlərinin öhdəsindən gəlməməkdə, həmkarlarından az işləməkdə günahlandırırlar.
«Nvidia»da bu vəziyyət təkcə gəlir artımı ilə bağlı deyil. Məsələ burasındadır ki, şirkət uzun müddətdir ki, işdən çıxarılmama siyasətinə riayət edir. Əgər kimsə aşağı səviyyədə işləyirsə, şirkət həmin şəxsi işdən çıxarmaq əvəzinə yeni komanda və şirkət daxilində yeni vəzifə tapmağa çalışacaq.
Çətin vaxtlarda «Nvidia» ön sıradakı işçilərin əziyyət çəkməməsini təmin etmək üçün rəhbər işçilərin maaşlarını azaldır. Xüsusilə, bir çoxları «Nvidia»nın səhm qiymətindəki enişi kompensasiya etmək üçün 2022-ci ildə əlavə səhm mükafatları aldılar.