Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov müsahibəsində təmsil etdiyi nazirliyin və tabeli qurumların təhsillə bağlı həyata keçirdiyi layihələr və onların icrası, həmçinin effektivliyi ilə bağlı suallara aydınlıq gətirib.
“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi - YARADILDI
FED.az Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun müsahibəsini təqdim edir.
- Fərid müəllim, bir müddət əvvəl İsrailin “Technion” Universitetinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradıldı və əvvəldən deyilmişdi ki, növbəti illərdə yerli mütəxəssislər dərs deyəcək. Artıq Mərkəz ilk məzunları da yola saldı. Bu il tədrisdə yerli müəllimləri görmək mümkün olacaqmı?
- “Technion” Universiteti ilə əldə edilmiş razılığa əsasən, onlar 15 yerli mütəxəssisinin müəyyən edilmiş tədris standartına uyğun hazırlamağı öhdəlik kimi götürüblər. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində Azərbaycan mütəxəssisləri tərəfindən təlimlərin keçirilməsi 2-ci ildən planlaşdırılıb. Çünki bir il ərzində 15 yerli mütəxəssisin hazırlığı nəzərdə tutulmuşdu. Bu proses başa çatandan sonra ikinci ilin bəlli mərhələsində həm də yerli mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan mütəxəssisləri tərəfindən dərslərin keçirilməsi xarici mütəxəssislərin avtomatik olaraq ixtisar olması anlamına gəlmir. Onlar təlimləri paralel şəkildə keçirəcəklər.
Hesab edirik ki, tədrisin dayanıqlığını təmin etmək baxımından öz mütəxəssislərimizin də hazırlanaraq tədris prosesinə cəlb edilməsi ən düzgün yoldur. Çünki xarici mütəxəssislər müvəqqəti olaraq ölkəmizdədir. Onların ölkəmizdə uzun müddət olması xərc baxımından da daha məsrəflidir.
- Azərbaycan artıq 10 ildir ki, kosmik klubun üzvüdür. Qarşıdakı illərdə isə dördüncü peykimizin orbitə çıxarılması gözlənilir. Bu baxımdan kosmik sahədə yerli mütəxəssislərin hazırlanması prosesi necə gedir?
- Bizim bu 10 il ərzində çox ciddi mütəxəssis heyətimiz, xüsusən də mühəndislərimiz artıq formalaşıb. Bu gün bizim mütəxəssis heyəti kifayət qədər peşəkar səviyyədədir ki, onlar o xidmətləri xaricə də göstərə bilərlər.
Bu dövr ərzində mütəxəssis heyətinin formalaşması üçün çox ciddi investisiya qoyulub. Peyklərin idarə edilməsi çox ciddi peşəkarlıq tələb edir. Bu illər ərzində xaricdə müxtəlif tədris və təlimlərə cəlb edilən, sertifikasiyadan uğurla keçən mütəxəssislərimiz onları idarə etmək imkanı qazanıblar. Bundan sonra da belə mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetiriləcək.
- Məlumatımıza görə, ölkənin əmək bazarı hər il 8 000 İT mütəxəssisinə ehtiyac duyur. Bu baxımdan Azərbaycanda yerli İT mütəxəssislərinin hazırlanması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” proqramı icra edilir. Proqramın icrasını necə dəyərləndirirsiniz?
- Mütəxəssislərə tələb bazarın dinamikasından asılıdır. Bazar dinamik inkişaf etdiyinə görə, İT bazarında mütəxəssislərə ehtiyac gündən-günə artmağa başlayır. Bu gün bizim ehtimal etdiyimiz 8 000 növbəti ildə 12 000-ə qalxır. Çünki bazar həqiqətən də çox dinamikdir və proqnozlaşdırmaq çox çətin olur. Bu proses qlobal bazarda olduğu kimi ölkəmizdə də belədir.
Ona görə də bu gün biz bazara nə qədər də çox mütəxəssis hazırlamış olsaq, yenə də kifayət deyil. Azərbaycan universitetləri hər il bazara 3 500 nəfər mütəxəssis məzun edir. Biz də bunu əsas götürərək “Technest” layihəsi çərçivəsində bu il üçün 3 500 mütəxəssisin hazırlanmasını nəzərdə tutmuşduq. Təbii ki, biz özümüz o təlimləri keçmirik. Bazarda olan təlimçi şirkətlər vasitəsi ilə bunu edirik.
Əvvəlki ildə biz təxminən 700 mütəxəssis məzun etdik və onların 80 %-i artıq işlə təmin olunub. Bir məsələni də nəzərə almaq lazımdır ki, məzunların sırasında yetkinlik yaşına çatmayanlar, yəni işləmək hüququ olmayan şəxslər də var idi. Onları da çıxsaq bu kifayət qədər yüksək göstəricidir.
Qoyulan investisiyanın geri dönüşü ilə bağlı onu deyə bilərəm ki, biz hər bir mütəxəssisin hazırlanmasına 2 500-3 000 manat civarında sərmayə yatırırıq. Bu isə təxminən 6-7 aylıq dövr üçündür. Amma onların orta aylıq əməkhaqqısı 1 500 manat civarındadır. Bunu ilə və məzunların sayına vursaq geri dönüş bir neçə üz faizlə nəticələnir.
- Siz özünüz uzun müddət təhsil sektorunda çalışmışınız. Bu baxımdan son sualımı belə soruşmaq istərdim. Bəzi iddialar var ki, İT sahəsində kadr hazırlığı baxımından ali təhsil müəssisələri müasir standartlara cavab verə bilmir. Ona görə də həm nazirlik məlum proqram çərçivəsində, həm də fərdi insanlar ölkədə olan bir neçə aylıq kurslara müraciət etməyi üstün tutur. Bu iddia nə qədər doğrudur?
- Kurslar qısa müddətdə tətbiqi bilik verirlər. Universitetlərin təhsilinin hədəfi fərqlidir. Ali təhsil müəssisələri elmin növbəti mərhələsinə addım atmaq üçün fundamental təhsil verir. Bu magistratura yaxud PHD mərhələsi ola bilər.
Kurslar isə bu hədəfi qoymur. Proqramçı kimi yetişmək və İT bazarında xidmət göstərmək üçün 4 illik təhsilə ehtiyac yoxdur. Kurslar daha qısa müddət çərçivəsində bazara giriş etməyi təmin edir. Bazarın dinamikliyini nəzərə alaraq onlar universitet təhsilini əvəzləmir, onu tamamlamaq, qısamüddətli tələbi qarşılamaq məqsədi daşıyır. (Report)