Reklam və marketinq sahəsində yenilikləri tətbiq etmək üçün birləşməyə qərar verdilər.
FED.az xəbər verir ki, reklam və marketinq sahəsində düyanın ən yeni, qabaqcıl təcrübə və texnologiyalarının öyrənilməsi və tətbiqi üçün, yerli bazar iştirakçılarının bir araya gəlməsi, onların daha effektiv işlər həyata keçirmək imkanlarını reallaşdırmaq məqsədilə universal platformada təmsil olunması zərurəti yarandığından “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” (RMİD) ictimai birliyi təsis edilib.
Birliyin rəsmi dövlət qeydiyyatından keçərək 2023-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.
RMİD ictimai birliyi yerli və xarici mütəxəssislərin iştirakı ilə reklam və marketinq kursları, seminarlar, dəyirmi masalar təşkil edəcək, bu sahədə yeni fəaliyyətə başlayan fərd və qurumlara professional dəstək verəcək.
İctimai birlik yalnız ölkədaxili deyil, reklam və marketinq sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədlərini də öz fəaliyyət proqramına daxil etmişdir.
Belə ki, müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə və birgə layihələrin hazırlanması ictimai birliyin fəaliyyət proqramının tərkib hissəsini təşkil edir.
Bu məqsədlə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi öz layihələrində dövlətin müvafiq strukturları ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.