Almaniya hökuməti çip istehsalçısı Elmos zavodunun Çinin Sai MicroElectronics şirkətinə satışını əngəlləməyi planlaşdırır.
Həmçinin bax: Son iki ildə ilk dəfə olaraq - ÇİNDƏ İXRAC AZALIB
FED.az xarici mediaya istinadən məlumat verir ki, Almaniya hökumətinin nisbətən bu kiçik sövdələşməni əngəlləmək istəyinin ABŞ və Aİ-nin Çinin strateji texnologiyalara çıxışı ilə bağlı narahatlığını əks etdirdiyi düşünülür.
Alman çip istehsalçısı Elmos Semiconductor, silikon sxem lövhəsi fabrikinin Çinin Sai MicroElectronics-in İsveçdəki törəmə müəssisəsinə satışını ehtiva edən müqavilənin Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən əngəllənməsinin ehtimal olduğunu söyləyib. Nazirlik daha əvvəl sövdələşməni təsdiqləyəcəyinə dair siqnallar vermişdi.
Elmosun verdiyi açıqlamaya görə, nazirlik razılaşma tərəflərini məlumatlandırıb ki, Dortmund fabrikinin avtomobil sənayesi üçün yarımkeçirici çiplər istehsal edən Silex Microsystems şirkətinə satışı, böyük ehtimalla, çərşənbə günü Nazirlər Kabinetinin iclasında bloklanacaq. Tərəflərin kabinetin verdiyi qiymətləndirməni araşdıraraq növbəti addımlarına qərar verəcəkləri açıqlanıb. Müqavilənin 85 milyon avroya yaxın olduğu bildirilir.
Almaniya İqtisadiyyat Nazirliyinin mətbuat katibinin təsdiq etdiyi məlumata görə, nazirlik hökumətə məsələ ilə bağlı qərarın veriləcəyi kabinetin iclasında sazişi ratifikasiya etməməyi tövsiyə edib. Nazirlər Kabineti üzvlərinin tövsiyələrə əməl edəcəyi gözlənilir.
Bu xəbərdən sonra Elmosun Frankfurt Birjasında səhmləri 14 faizə qədər ucuzlaşıb.