Dünya gəncləri arasında yeni tendensiya başlayıb. «Z» nəsli şahmatı deyəsən indi kəşf edib, hər halda oyun növünə maraq gündən-günə artır - sosial şəbəkələr və internet bu prosesi daha da sürətləndirir və maraqlı edir.
FED.az xəbər verir ki, Amerikanın «New York Times» qəzetinin məlumatına görə, şahmata marağın kəskin artımı pandemiya dövründə başlayıb. Amma pandemiya bitdikdən sonra bu proses nəinki dayanıb, əksinə daha sürətlə davam etməkdədir.
O cümlədən qardaş Türkiyədə şahmat 19902010-cu illər arasında doğulan və «Z nəsli» adlananların ən çox üstünlük verdiyi idman növünə çevrilib.
Buna əsas sübut dünyanın aparıcı şahmat saytlarından biri olan Chess.com un inkişafıdır.
Baş ofisi ABŞ-da olan və üç menecerdən birinin türk olduğu Chess.com-un üzvlərinin sayı pandemiya zamanı 5,4 milyondan keçən noyabr ayından bu yana 11 milyona yüksəlib. Chess.com-un məlumatına görə, bu ilin yanvar və fevral aylarında qeydiyyatdan keçənlərin əksəriyyəti 13-17 yaşlı gənclərdir (549 min nəfər).
İkinci qrup isə 18-24 yaş arası olanlardır. Qəzetə danışan gənc qız şahmata olan marağını “məclislərdə şahmat oynayanlar görürəm” deməklə izah edir.
«New York Times»ın yazdığına görə, Z nəslinin şahmata artan marağının daha bir səbəbi Netflix-də Elizabet Harmon adlı şahmat vunderkindinin həyatından bəhs edən "Kraliçanın Qambiti" serialı olub – «bu serial Z nəslinin ürəyinə uçtalıqla vurulan zərbə oldu» - deyə qəzet yazır.
Rəqəmlər yalan deyil: Qlobal iqtisadi tendensiyaları izləyən Market Watch-a görə, 2022-ci ildə 2,1 milyard dollar qazanan qlobal şahmat bazarı dayanmayacaq və illik 3,6%-lə böyüyərək 2028-ci ildə 2,8 milyard dollara çatacaq!
Son illər sürətlə yayılan sosial şəbəkələr nəinki bu prosesə mane olmur, əksinə, indi şahmat məhz sosial şəbəkələrlə yayılır.
Xüsusilə «Z nəsli»nin sevimli sosial media platforması olan Tik-tok həm də şahmat həvəskarlarının “yeni məkanına” çevrilib. Tik-tokda şahmat həvəskarlarının formalaşması ilə "ChessTok"un üzvlərinin sayı günü-gündən artır. Insider Magazine-in məlumatına görə, “chesstok” həştəqi bu günə qədər 198 milyon dəfə baxılıb.
Türkiyə isə Şahmat Federasiyasının məlumatına görə, 1 milyon 122 min 663 lisenziyalı şahmatçı var və onların 1 milyondan çoxu 7-18 yaş arası gənclərdir! 7-18 yaş arası qadın idmançıların sayı 356 min nəfər, 7-18 yaş arası kişi şahmatçıların sayı isə 666 min nəfərdir. Evdə sadəcə vaxt keçirmək üçün şahmat oynayanların sayı isə məlum deyil.
"Pandemiya zamanı şahmat dəstlərinə olan tələbatı ödəməkdə çətinlik yaranmışdı"
Türkiyə Şahmat Federasiyası Layihələr Şurasının sədri Talha Emre Akıncıoğlu bildirir ki, Türkiyədə xüsusilə Z nəslinin ən çox üstünlük verdiyi idman növü şahmatdır: «Son 10 ildə məktəblərdə şahmatın yayılması və bir çox təhsil ocaqlarının dərs kimi şahmatın tədris proqramına daxil edilməsi ilə şahmat məktəbli uşaqların olduğu evlərə də çatıb».
«Xüsusilə evlərimizə qapalı olduğumuz dövrlərdə 'lichess' və 'chesscom' platformaları dünyanın hər yerindən insanların şahmat vasitəsilə bir-biri ilə ünsiyyət qurmasını təmin etdi. Elə bir tələb var idi ki, bu iki platformanın infrastrukturu ilk ayda çökdü. Pandemiya dövründə onlayn satış saytlarının ana səhifələrində həmişə şahmat mövzulu məhsullar olub. İstehsalçılar şahmat dəstləri və şahmat kitablarına olan tələbatı qarşılamaqda çətinlik çəkirdilər»-deyə Talha Emre Akıncıoğlu bildirib.