Ötən ay Azərbaycan daha bir beynəlxalq idman tədbirinə ev sahibliyi etdi.
Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçirildi.
Azərbaycanın bu oyun üçün bilet satışına bir aidiyyəti olmasa da, hər halda, İngiltərənin "Arsenal" və "Çelsi" futbol klublarının qarşılaşması paytaxtımıza xarici azarkeşlərin, başqa sözlə, turistlərin axını ilə nəticələndi, ölkəyə bir neçə gün ərzində milyonlar qazandırdı.
Final oyunu ərəfəsində Bakıya 20 min turist gəlib
"Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin sədri Nahid Bağırov "Report"a açıqlamasında bildirib ki, final oyunu ərəfəsində Bakının otellərində yer tapmaq müşkülə çevrilib: "Həmin ərəfədə Bakıya 20 min turist gəlmişdi. Paytaxt Bakının normal və 5 ulduzlu otelləri hamısı dolu idi".
Bununla belə, Assosiasiya rəhbərinin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da otellər, eləcə də restoranlar yüksək tələbatı nəzərə alaraq qiymətləri artırıb: "Bəzi otellərdə 5-7 dəfə bahalaşma var idi. Restoranlar da qiymətləri kəskin artırmışdı. Biz 4-5 nəfər qonaqla Fəvvarələr Meydanında gəzişən zaman restoranlardan birində oturmaq istədik. İşçilər dedilər ki, adambaşına 30 manat depozit ödənilməlidir. Halbuki, adi çay içmək üçün yer idi. Gecə klubu deyildi ki, depozit istəsinlər. Hətta gecə klubunda depozitin məbləğini oturacağa görə müəyyən edirlər. Deməli, müştəri 1 stəkan çay içib qalxsa, 30 manat ödəməlidir. Dünyada belə şey yoxdur. Hansı turist bunu görəndən sonra Azərbaycan haqqında yaxşı danışacaq? Final oyunu bir şans idi və bundan istifadə etməli idik. Deyirlər ki, ərəblərdən xoşumuz gəlmir, onları burada görmək istəmirik. Odur ki, avropalı turistlərin bura gəlməsindən yararlanmaq lazım idi”.
AzTA dövlət qurumlarına müraciət edib
N.Bağırov onu da deyib ki, rəhbərlik etdiyi qurum qiymət problemi ilə bağlı bir sıra dövlət qurumlarına, o cümlədən İqtisadiyyat Nazirliyinə müraciət edib: "Dövlət qurumları süni qiymət artımlarına qarşı nəzarəti gücləndirməlidir. Əgər ölkədə daha çox turist görmək istəyiriksə, bu məsələnin üzərində işləməliyik. Rəsmi şəxslər təkcə otel sahibləri ilə deyil, həm də restoran sahibləri ilə görüşməlidir. Xüsusilə restoranlarla aktiv iş aparılmalıdır.
"Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin sədri Nahid Bağırov
"Dövlət qurumları süni qiymət artımlarına qarşı nəzarəti gücləndirməlidir. Əgər ölkədə daha çox turist görmək istəyiriksə, bu məsələnin üzərində işləməliyik. Rəsmi şəxslər təkcə otel sahibləri ilə deyil, həm də restoran sahibləri ilə görüşməlidir
"Eurovision" müsabiqəsi Azərbaycanda keçirilən zaman otel və restoran sahiblərinə xəbərdarlıq edilmişdi ki, onlar qiymətləri artırmasın. Bu dəfə bu iş çox zəif oldu. Turistlərin ən çox üz tutduqları yerlər restoranlar olur. Sahibkarlar vətənpərvərliyini nümayiş etdirməlidir. Axı bir günə nə qazanmaq olar? Tutaq ki, 5 manat çox qazandın, ancaq nə qədər antireklam etdin. Bu oyunun bəhrəsini yaxın vaxtlarda görməliyik. Əgər görməsək, deməli, nə isə düzgün olmayıb. Turizmin inkişafında sahibkarla yanaşı, dövlətin də marağı var. Azərbaycan İtaliya, Fransa, BƏƏ deyil ki, turistlərə deyək istəyirsən gəl, istəmirsən gəlmə. Biz hələ özümüzə tam turizm ölkəsi deyə bilmərik, onu yeni qururuq".
DAİR: "Hətta taksi sürücüsü belə anlamalıdır ki, ölkəsini təmsil edir"
DAİR "Otellər və Restoranlar Assosiasiyası" İctimai Birliyi də Azərbaycanın final oyunundan qazancla çıxdığı qənaətindədir. Qurumun İdarə Heyətinin sədri Samir Dübəndi "Report"a açıqlamasında bildirib ki, oyun ərəfəsində paytaxtın iri otellərində 100%, orta və kiçik otelləri isə 85% dolu olub: "Bu da pis göstəricilər deyil, çünki adi hallarda doluluq 65-70% təşkil edir".
AzTA-nın qiymətlərlə bağlı narahatlığını DAİR-in rəhbəri də bölüşür: "Hamı soruşur ki, otellər və restoranlarda xidmət niyə bahadır? Hələ onlar İngiltərə vətəndaşlarıdır, yəni gəlirləri Azərbaycan vətəndaşları ilə müqayisədə xeyli yüksəkdir. Kütləvi şəkildə turist cəlb etmək üçün aşağı büdcəli turizm xidməti təklif etmək, onların cibinə uyğun hər cür şərait yaratmaq lazımdır. Kifayət qədər iri, brend otellərimiz var, 2-3 ulduzlu otellərin sayını artırmalıyıq. Restoranların da qiymətləri artırması qəbul olunan hal deyil. Bu məsələni hələ ki, araşdırmamışıq. Gələn həftə restoranlara müraciət edib onlardan rəy alacağıq. İctimai qurum olduğumuza görə, bacardığımız qədər tövsiyələrimizi veririk. Təsir və tənzimləmə mexanimzləri isə dövlət qurumlarına məxsusdur.
DAİR "Otellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi
Kütləvi şəkildə turist cəlb etmək üçün aşağı büdcəli turizm xidməti təklif etmək, onların cibinə uyğun hər cür şərait yaratmaq lazımdır. Kifayət qədər iri, brend otellərimiz var, 2-3 ulduzlu otellərin sayını artırmalıyıq
Nəzərə almaq lazımdır ki, qiymətlərə görə turist təkcə həmin xidmət müəssisəsindən incimir, bütün Azərbaycan haqqında onda fikir formalaşır. O da sonra öz ölkəsindəki adamlara danışır. Məsələn, biz neçə ildir ki, hava limanında olan taksi xidmətinin bərbadlığı ilə üzləşirdik. Bu məsələ artıq həllini tapıb. Ancaq şəhərin mərkəzindəki taksilərdə xoşagəlməz halları görürük. Hətta taksi sürücüsü belə anlamalıdır ki, ölkəsini təmsil edir".
AZAL da qazanıb
Sirr deyil ki, futbol matçı ərəfəsində Azərbaycana gələn xarici qonaqlar aviasiya xidmətindən xüsusilə yararlanıblar. Bu baxımdan, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) oyunun hesabına xeyli gəlir əldə etdiyini deyə bilərik. Belə ki, dövlət aviaşirkətinin nəzarətində olan Heydər Əliyev Beynəlxalq Aeroportu mayın 27-dən 30-na qədər, təxminən, 600 reysə xidmət göstərib ki, bunlardan da 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşları olub. 3 gün ərzində əsas hava limanında sərnişin axını, təxminən, 60 min nəfər, başqa sözlə, gündə 20 min nəfər olub. Müqayisədə üçün bildirək ki, adi vaxtlarda Bakı aeroportu gündə təxminən 10 nəfərə xidmət göstərir.
Bu dövrdə reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilib. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər təyyarə ilə Azərbaycana gəliblər.