Azərbaycanda axtarışda olduğu elan edilən türkiyəli iş adamı Ali Osman Kutanoğlu FED.az-a müraciət edərək haqqında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Eləcə də bax: Azərbaycan 1 milyon avro dələduzluğa görə türk iş adamını - AXTARIŞA VERİB
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir.
Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə və onları şəxsi həyatları ilə bağlı şantaj etməkdə şübhəli bilinərək 2017-ci ilin iyulunda İstanbulda saxlanılıb. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ali Osman Kutanoğlu istintaq təcridxanasına göndərilib. O, təxminən 1 ay sonra sərbəst buraxılıb.
Yayılan məlumatda bildirilirdi ki, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro dələduzluq edib.
Amma Ali Osman Kutanoğlunun FED.az-a ünvanladığı müraciətdə isə yayılan məlumatların doğru olmadığını, əslində onun özünün zərərə düşdüyü bildirilir.
Onun sözlərinə görə, Türkiyədə heç vaxt dələduzluğa görə həbs edilməyib, onun həbsi guya Azərbğaycandan olan bəzi iş adamlarını təhdid etməsi (həmin şəxslərin adı FED.az-a müraciətdə göstərilib, amma dəqiqliyinə əmin olmadığımıza görə, adların açıqlamırıq) barədə iddialarla bağlı olub. İddialar özünü doğrultmadığına görə, 1 ay sonra sərbəst buraxılıb.
Bundan başqa, Ali Osman Kutanoğlu iddia edir ki, həmin şəxslər onun ümumilikdə 10 milyon dollarlıq əmlakını mənimsəyiblər. İş adamı bildirib ki, onun özü Türkiyə məhkəmələrində bununla bağlı idldia qaldırıb. Ona dəfələrlə müraciət edilsə də iddialarını geri götürməyib. Daha dəqiqi iki şəxslə bağlı olan iddiadan biri geri götürülüb, digəri davam edir. Ali Osman Kutanoğlu bildirir ki, ona olan təzyiqlərin səbəbi də budur.
İş adamı bildirir ki, onun bütün kontaktları telefonu və email ünvanları Türkiyədə yaşadığı ərazinin məhkəməsinə təqdim edilib və istənilən şəxs onunla əlaqə saxlaya bilər: «Məni axtaran şəxs 1 dəqiqəyə mənimlə əlaqə saxlaya bilər» deyə iş adamı bildirir.