İran və ABŞ İsrail müharibəsi nəticəsində bölgənin əsas nəqliyyat yolu olan Hörmüz Boğazında gəmilərin hərəkətinin tamamilə dayanması barədə məlumat yayılıb.
Hörmüz boğazı kimindir? Şumerlərdən Səfəvilərə və Britaniyaya kimi – BİZNES TARİXİ – 1
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Qətərin “Al-Jazeera” kanalı məlumat yaysa da, hələlik bu xəbər rəsmi olaraq təsdiqlənməyib. Amma qlobal ticarət və enerji bazarlarında ciddi rezonans doğurub, neftin qiyməti yenidən artmağa başlayıb, körfəz ölkələri isə pis varianta hazırlaşmağa başlayıblar.
İrana yaxın bəzi qeyri-rəsmi hərbi Telegram kanalları da "Hörmüzün qapadılması planı masadadır" tipli bəyanatlar yayaraq gərginliyi artırıblar. Bəzi Qərb hərbi ekspertləri də İranın ən güclü "iqtisadi silahı" olan boğazı bağlaya biləcəyi barədə ssenarilər dərc ediblər.
Neftdən "dollar axını" - Azərbayan nefti 121 dolları keçdi – YENİ QİYMƏT
Hələlik son məlumatlara görə, ABŞ-ın Beşinci Donanması gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün patrul xidmətini artırıb. İran rəsmiləri isə körfəzdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edərək, hər hansı təxribata qarşı sərt cavab veriləcəyi barədə xəbərdarlıq ediblər.
İranın rəsmi hərbi rəhbərliyi (İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH) bəyan edib ki, «əgər İranın neft ixracına maneə törədilərsə və ya ölkənin milli maraqları birbaşa təhlükə altına düşərsə, boğazın təhlükəsizliyi və tranzit rejimi yenidən nəzərdən keçirilə bilər». Yəni Tehran boğazın bağlandığını rəsmən elan etməyib, bunu yalnız «mümkün ssenari» kimi saxlayır.
Yeri gəlmişkən, SEPAH-ın dəniz qüvvələri boğaz yaxınlığında planlaşdırılmamış təlimlərə başlayıb. Bu, gəmilərin hərəkətini qismən ləngitsə də, dayandırmayıb.
ABŞ tərəfi isə qarşı tərəfi bu addımdan çəkindirməyə çalışır - Dövlət Departamenti və Pentaqon tərəfindən verilən son reaksiyada bildirilir ki, «Hörmüz boğazı beynəlxalq su yoludur və burada hərəkət azadlığı qlobal iqtisadiyyat üçün toxunulmazdır. Hər hansı qapadılma cəhdinə beynəlxalq koalisiya tərəfindən hərbi cavab veriləcək».
Hazırda ən çətin vəziyyət körfəz ölkələrində yaranıb. Səudiyyə Ərəbistanı və BƏƏ alternativ kəmərlərin, yəni boğazdan yan keçən boru xətlərinin tam gücü ilə işləməsi üçün hazırlığa başlayıblar.
Hələlik beynəlxalq dəniz naviqasiya xidmətləri (MarineTraffic və s.) Hörmüz boğazından tankerlərin keçidinin davam etdiyini göstərir.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq edir ki, dünya neft ixracının təxminən 20%-nin keçdiyi bu boğazın hətta qısa müddətli bağlanması, neftin qiymətinin 150 dolları keçməsinə səbəb olacaq.
Bununla yanaşı, boğazda gəmilərin hərəkəti başqa səbəbdən bağlana bilər. Bu – yüksək xərclərdir. Hazırda gəmilərin hərəkəti davam etsə də, sığorta xərclərinin kəskin artması və hərbi gəmilərin müşayiəti tələbi ticarət dövriyyəsini ləngidir.
Məsələ bundadır ki, hətta bu boğazla İranın icazəsi ilə hərəkət edən gəmilər də istər-istəməz hərbi gəmilərin müşayiəti ilə hərəkət edirlər, bu isə əlavə böyük xərcdir.
Digər tərəfdən, Hörmüz Boğazından keçən gəmilər üçün sığorta xərcləri kəskin artıb. Beynəlxalq dəniz sığorta şirkətləri bu gün Hörmüz boğazından keçən yüklər üçün "müharibə riski" əlavəsini (war risk premium) 15% artırıblar. «Sığorta riskləri» artdığı üçün bəzi iri daşıma şirkətləri artıq marşrutlarını dəyişməyi və ya yükdaşımaları müvəqqəti dayandırmağı müzakirə edirlər.
Bütün bunlar neftin qiymətini artırıb - Boğazın bağlanma ehtimalı ilə bağlı yayılan şayiələr fonunda neftin qiyməti gün daxilində 3-4% artım göstərib və hazırda Brent markalı neft 110 dolları keçib.













