“GL Ltd” şirkətinin Hökumət və ictimaiyyətlə əlaqələr üzrə direktoru İlqar İbrahimli, 1 avqust 2023-cü il tarixindən etibarən, Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Süleyman Qasımov Rövşən Nəcəfovun müşaviri - TƏYİN EDİLİB - DOSYE
Bu qərar, dayanıqlı xarici əlaqələrin qurulmasının vacibliyini və şirkətimizdə kommunikasiyanın oynadığı əhəmiyyətli rolu əks etdirir.
FED.az xəbər verir ki, İlqar İbrahimli, yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin baş icraçı direktoruna hesabat verməyə davam edəcək və şirkətlər qrupu icraiyyə heyətinin üzvü olacaq.
İlqar İbrahimli dövlət orqanları, beynəlxalq təşkilatlar və biznesdə 20 ildən çox təcrübəsi olan, hökumətlə əlaqələrin və strateji münasibətlərin qurulması üzrə böyük nailiyyətlər qazanmış peşəkardır.
GL şirkətindən əvvəl o, uzun müddət ATƏT-in Mərkəzi Asiyada ən böyük missiyası olan ATƏT-in Düşənbədəki Proqram Ofisində Baş müşavir vəzifəsində çalışıb. İlqar siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar təhlükəsizlik üzrə proqramların tətbiqi vasitəsilə Ofisin siyasi mandatının icrası üçün strateji liderliyin təmin olunması və məsləhətlərin verilməsi prosesinə rəhbərlik edib. O, “Azərfon” MMC-də Marketinq və kommunikasiya üzrə direktor və eləcə də Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru vəzifəsində çalışmışdır.
İlqar, Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Avropa və Amerikanın yeni və ən yeni tarixi üzrə magistr təhsili alıb.
O, peşə fəaliyyətinə Azərbaycanın Milli Televiziya və Radio Şurasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri qismində başlayıb.
İlqar, sərhəd qoşunlarının potensialının gücləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə 2023-cü ilin may ayında Tacikistanın Sərhəd Qoşunlarının Komandanı tərəfindən medalla təltif olunub.
Qeyd edək ki, GL Azərbaycanın ilk özəl enerji şirkətidir. GL şirkəti Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. Şirkətin biznes portfelinə neft sənayesi üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” MMC də daxildir.