Artıq dörd gündür ki, ölkə üzrə əksər bölgələrimiz ağ örpəyə bürünüb. Lakin dağlıq və dağətəyi rayonlarda qar həm daha şiddətli yağır, həm də ara vermir.
FED.az xəbər verir ki, günlərdir davam edən aramsız qar Şamaxıda da səngimir. Şamaxı dəniz səviyyəsindən xeyli yüksəkdə olduğundan temperatur da kəskin aşağı düşüb. Hətta bəzi yerlərdə mənfi 5-10 dərəcəyə çatıb. Yaranan mənzərə uşaqların sevincinə səbəb olsa da, böyüklərin işini çətinləşdirib. Hava şaxtalı olduğundan yağan qar ərimir, əksinə yollarda buz təbəqəsi yaradır ki, bu da nəqliyyatın hərəkətini iflic edir.
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və texnikası Şamaxı-Dəmirçi-Pirqulu yoluna səfərbər edilib. Adıçəkilən yolda vəziyyət rayonun digər kəndlərinə nisbətən daha pisdir. Buzların əriməsi üçün asfalt örtüyünə qum və buz qarışığı səpilir.
Şamaxı-Pirqulu-Dəmirçi kəndinə gedən yol açılıb, qış şinləri ilə hərəkət edən avtomobillərin gediş-gəlişində heç bir məhdudiyyət yoxdur. Amma ərazinin tez-tez qardan təmizlənməsinə baxmayaraq, güclü yağıntı yolların yenidən buz bağlamasına səbəb olur.
Pirqulu-Dəmirçi yolundan fərqli olaraq Qəleybuğurd, Qala dərəsi, Sis və Keçmədin kəndlərinə gediş-gəliş çətinləşib. Bu kəndlərə yağan qarın qalınlığı artıq 50 santimetrə çatıb. Kəndlərin rayon mərkəzi ilə gediş-gəlişi tam kəsilməsə də, yollarda dördçarxlı avtomobillər hərəkət edə bilir.
Bu saatlara qədər qar yağmaqda hələ də davam edir. Havanın temperaturu bəzi ucqar kəndlərdə mənfi 10 dərəcəyə düşüb. Şamaxı-Pirqulu-Dəmirçi yolunda qarla yanaşı, qatı duman da müşahidə edilir.
Sakinlərin sözlərinə görə, Şamaxıdan Pirbəhli, Ərçiman, Dəmirçi və Lahıc kəndlərinə avtomobillərin gediş-gəlişi isə demək olar tamamilə dayanıb. Bu yollarda heç bir nəqliyyat vasitəsi hələ ki, hərəkət edə bilmir. Hazırda həmin ərazilərdə qarın təmizlənməsi və yolların açılması işləri görülür.
Qeyd edək ki, mövcud hava şəraitinin növbəti 1-2 gün ərzində də davam edəcəyi gözlənilir. Odur ki, Şamaxı istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.