Milli Məclisin bəzi keçmiş deputatları birbaşa vəzifələrini yerinə yetirməkdənsə, öz şəxs problemlərinin həlli ilə məşğul olublar.
Eləcə də bax: «Həmin adam dövlət işindən getsin, sabah bədbəxt olmasın»
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxış edərkən bildirib.
Dövlət başçısı deputatlara tövsiyə edib ki, seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar: «İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır».
Dövlət başçısı bildirib ki, bəzi Milli Məclis üzvləri bizneslərə dəstək veriblər: «Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır».
Eləcə də bax: İlham Əliyev: "Deputatlar seçicilərin problemləri ilə maraqlanmalıdır"
«Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək»-deyə dövlət başçısı bildirib.