Xəbər verildiyi kimi, prezident İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. FED.az xəbər verir ki, fərmanla Palatanın yeni nizamnaməsi də təsdiqlənib.
Nizamnamədə əsas dəyişikliklərdən biri Palatanın idarə olunması ilə bağlıdır.
Eləcə də bax: Palatanın yeni nizamnaməsi açıqlandı - TAM MƏTN
Yeni nizamnaməyə əsasən, Palatanı idarəetmə orqanı İdarə Heyətidir.
Palatanın İdarə Heyəti Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.
Xatırladaq ki, əvvəlki nizamnaməyə əsasən, Palatanın idarəetmə orqanları Direktorlar Şurası və İdarə Heyəti idi.
Sənədə əsasən, Direktorlar Şurası Palatanın, o cümlədən İdarə Heyətinin fəaliyyətinə nəzarət edir və onu yoxlayırdı. Direktorlar Şurası, sədr və sədrin müavini daxil olmaqla, 5 nəfər üzvdən ibarət idi. Direktorlar Şurasının sədrini, onun müavinini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edirdi. Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddəti 5 il idi.
Başqa sözlə, prezidentin indiki fərmanı ilə Direktorlar Şurası ləğv edilib və idarə etmə tamamilə İdarə heyətinə verilib. Bununla Palatanın Direktorlar Şurasının sədri olan Rüfət Aslanlının vəzifəsi ləğv edilib.