Azərbaycanın dövlət büdcəsinə dəyişiklik edildikdən sonra Naxçıvan Muxtar Respublikasının da büdcəsi də dəyişdiriləcək.
FED.az xəbər verir ki, bu məsələ, Naxçıvan MR-nın paramentinin iyulun 16-da başlayacaq sessiyasında həll ediləcək.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 13-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının çağırılması haqqında Qərar imzalayıb.
Qərara əsasən sessiyada aşağıdakı məsələlər müzakirə ediləcək:
1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının 2022-ci il üzrə büdcəsinin dəyişdirilməsi Azərbaycanın dövlət büdcəsinə edilən dəyişiklikdə əksini tapıb.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanununda edilən dəyişikliyə görə, Naxçıvan MR-in büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 26,0 milyon manat və ya 6,0 faiz artırılır.
Artımdan sonra Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 606,1 milyon manat təşkil edəcək. Artırılmış xərclərin əsasən əmək haqlarının və sosial müavinətlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.