Azərbaycan istəsə, xarici borcunu bir neçə aya bağlaya bilər.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev oktyabrın 25-də Bakıda işinə başlayan VI Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında bildirib. Çıxışında Azərbaycanın iqtisadi vəziyyətinə toxunan prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil: «Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq».
Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici borcu böyük deyil və tələb olunarsa, ölkə qısa müddətdə bütün borcları qaytara bilər: «Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, istədiyimiz halda biz xarici borcumuzu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilərik».