Azərbaycanın dövlət borcunun ümumi məbləği 17.007,4 milyon manat və ya təqribən 10 milyard manat təşkil edir.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya»da bildirilir.
Strategiyada deyilir ki, dövlət borcunun
15 978,1 milyon manatı (9 398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici,
1 029,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür.
Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil edib.
Dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub.
Xarici dövlət borcunun 3 331,4 milyon ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5 510,4 milyon ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.
Xarici valyutada olan qiymətli kağızlar aşağıdakılardır:
- 2014-cü ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarlarında uğurla yerləşdirilmiş 1 250,0 milyon ABŞ dollarlıq dövlət qiymətli kağızları. Bu qiymətli kağızlar Azərbaycan Respublikasının beynəlxalq maliyyə bazarlarında bençmark rolunu ifadə edir;
- 2017-ci ilin sentyabrında “Azərbaycan Beynəlxalq Bankı”nın sağlamlaşdırılması tədbirləri çərçivəsində buraxılmış 2 265,9 milyon ABŞ dolları məbləğində xarici valyutada denominasiya edilən dövlət istiqrazları. Bu emissiyanın tərkibinə daxildir: (1) 310,7 milyon dollarlıq 12 illik, və (2)1 076,6 milyon dollarlıq 15 il müddətli uzunmüddətli qiymətli kağızlar. Bu kağızların hər biri 3 il ərzində amortizasiya olunacaq və son ödəniş ili, müvafiq olaraq, 2029-cu və 2032-ci il təşkil edir. Bununla da, Bankın xarici kreditorlar qarşısında öhdəlikləri dövlət öhdəlikləri ilə əvəz edilmişdir. Yeri gəlmişkən, həmin istiqrazlar üzrə 184,5 milyon dollar borc hələ 2017- ci ilin noyabrında qaytarılıb.
Sənədə əsasən, qarşıdakı 10 ildə Azərbaycanın xarici dövlət borcunun 45,1 faizi qaytarılacaq. Borcların 51,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 3,7 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Xarici borcların 52,8 faizi dəyişkən faiz dərəcəsi ilə, 47,2 faizi isə sabit dərəcə ilə götürülüb.
2018-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun və Dövlət Neft Fondunun aktivlərinin müqayisəli valyuta tərkibi aşağıdakı kimi olub:
Xarici dövlət borcunun və Dövlət Neft Fondunun aktivlərinin müqayisəli valyuta tərkibi (milyon dollar)
Daxili dövlət borcları
Qeyd edildiyi kimi, dövlətin ümumi borclarının 1 milyard 29 milyon manatı və ya 6,1%-i daxili borcların payına düşür. 2018-ci ilin əvvəlinə daxili dövlət borcunun
- 748,3 milyon manatını və ya 72,7 faizini dövlət istiqrazları,
- 52,7 milyon manatını və ya 5,1 faizini Mərkəzi Bank qarşısında öhdəliklər,
- 228,3 milyon manatını və ya 22,2 faizini isə daxili dövlət borcu sayılan şərti öhdəliklər təşkil edib.
Daxili dövlət borcları tamamilə sabit faiz dərəcəsi ilə alınıb.
Sənəddə qeyd olunur ki, daxili dövlət borcu əvvəlki illərlə müqayisədə azalıb. Bunun əsas səbəbi Azərbaycan hökuməti tərəfindən verilmiş dövlət zəmanəti əsasında Azərbaycan Mərkəzi Bankından ayrılmış kredit vəsaiti üzrə bir sıra dövlət müəssisələrinin borc öhdəliklərinin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu və Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına bağlanaraq, həmin kreditlər üzrə tələb hüquqlarının Maliyyə Nazirliyinin üzərinə keçməsidir.
Hökumət proqnozlaşdırır ki, Strategiyada qeyd olunan prioritet layihələrin maliyyələşdiriləcəyi, mövcud kreditlər üzrə borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi üçün yeni borcalmaların və daxili bazarda dövlət istiqrazlarının emissiyasının həyata keçiriləcəyi təqdirdə, ümumi dövlət borcunun və borca xidmət xərcləri aşağıdakı kimi olacaq:
Ümumi dövlət borcunun 2016–2025-ci illər üzrə dinamikası (yeni borcalmalar nəzərə alınmaqla)
Ümumi dövlət borcuna xidmət xərclərinin 2016–2025-ci illər üzrə dinamikası (yeni borcalmalar nəzərə alınmaqla)