“Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetindən FED.az-a verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) həmin hərəkətlər çərçivəsində işlə görülməsindən və xidmət göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını müəyyən edir.
Bu Qayda publik hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na uyğun olaraq hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun publik hüquqi şəxsin xəzinə hesabına köçürülən hissəsindən və bu Qaydada nəzərdə tutulmuş hərəkətlərə aid olmayan digər fəaliyyətdən əldə edilən vəsaitə şamil olunmur.
Publik hüquqi şəxsin bu Qaydada nəzərdə tutulmuş vəsaiti dövlət vəsaiti hesab olunur. Həmin vəsait publik hüquqi şəxsin sərəncamında olur və onun istifadəçisi(sərəncamçısı) dəyişdirilə bilməz. Vəsaitin toplanması və təyinatı üzrə istifadəsi məqsədilə publik hüquqi şəxs üçün xüsusi bank hesabı açılır. Növbəti il üçün publik hüquqi şəxsin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq, publik hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş idarəetmə orqanı tərəfindən təsdiq edilir. Publik hüquqi şəxs əldə etdiyi vəsaitdən qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri xərclərin ödənilməsinə, o cümlədən özünün və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir. İşçilərin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsait onların sosial müdafiəsinin gücləndirilməsinə, publik hüquqi şəxsin və tabeliyində olan qurumların maddi-texniki bazasının möhkəmləndirilməsinə və elmi-texniki potensialının artırılmasına istifadə edilə bilər.
Vəsaitdən işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
- işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
- işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;
- işçilərə maddi yardımın göstərilməsinə;
- işçilərə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə.
Publik hüquqi şəxsin və tabeliyində olan qurumların madditexniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə vəsaitlər aşağıdakı istiqamətlərə xərclənir:
- malların (işlərin və xidmətlərin) alınmasına;
- işçilərin əlavə təhsil almasına.
Publik hüquqi şəxsin və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsaitin 50 faizədək olan məbləği işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi üçün ayrılır. Bu, hər ay üzrə ayrılan vəsait işçilərin aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla nəzərdə tutulur. İşçilərin ezamiyyə xərclərinin ödənilməsi “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarına uyğun həyata keçirilir. Publik hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün vəsait yalnız “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq istifadə edilə bilər.
Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək həyata keçirilir. Bu Qaydada nəzərdə tutulmuş vəsaitin cari ildə istifadə olunmayan hissəsi də aylıq vəzifə maaşına əlavənin ödənilməsi üçün həmin ilin dekabr ayında istifadə olunur. Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.
Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
- işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin
hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
- işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır. Əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.
Aylıq vəzifə maaşına əlavənin verilməsi üçün əmsal aşağıdakı düstura uyğun olaraq hesablanır:
Ə = VMƏC
VMC
Burada:
Ə – əmsal;
VMƏC – bu Qaydada müəyyən olunan məbləğ;
VMC – işçilərin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmidir.
Əlavə ödənilən ayda aylıq vəzifə maaşı, iş günlərinin sayı, işçinin iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:
VMƏ =
AVM x İİG x Ə
İG
Burada:
VMƏ – vəzifə maaşına əlavə;
AVM – işçinin aylıq vəzifə maaşı;
İİG – işçinin iş günlərinin sayı;
İG – iş günlərinin sayıdır.
İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
- işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
- qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.
İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
- vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;
- rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.
İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə işlədikləri qurumun (orqanın) rəhbəri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq işlədiyi qurumun rəhbəri tərəfindən müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. Publik hüquqi şəxsin işçilərinin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrinin rəhbərlərinin təqdimatı əsasında publik hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Publik hüquqi şəxsin tabeliyində olan qurumların işçilərinin fərdi mükafatlandırılması isə onların işlədikləri qurumun rəhbərinin təqdimatı əsasında həmin qurumun tabe olduğu public hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
İşçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara uyğun olaraq tutulur.