Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr barədə yenilikləri və gözləntilərini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyan hekumətin bugünkü iclasında Azərbaycanla əlaqələr barədə geniş məlumat verib və gözlənilən yeniliklərə toxunub.
Erməni baş nazirin sözlərinə görə, Ermənistanla Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi əlaqələr qurmaq istəyir. Çünki «davamlı sülhün ən güclü zəmanəti iqtisadi maraqların kəsişməsidir».
Paşinyan bildirib ki, sülh prosesinin uğurla tamamlanmasından sonra Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcəklər: «Bu, o deməkdir ki, hər iki ölkənin sahibkarları üçüncü ölkələrin vasitəçiliyinə ehtiyac duymadan bir-biri ilə müqavilələr imzalamaq, mal və xidmət mübadiləsi aparmaq imkanı əldə edəcəkdir».
Baş nazir qeyd edib ki, sülh yaranandan sonra iki ölkənin iş adamları birbaşa yeni bazara çıxa biləcəklər: «Ermənistan istehsalçıları öz məhsullarını Azərbaycan bazarına, Azərbaycan istehsalçıları isə Ermənistan bazarına birbaşa və ən qısa yollarla çıxara biləcəklər».
Ermənistan baş nazirinin sözlərinə görə, iki ölkənin iş adamları birbaşa əməkdaşlıq edə biləcəklər. «Yəni əvvəllər Ermənistan və Azərbaycandan olan iş adamları məhsul siyahılarını hər iki ölkənin hökumətləri vasitəsilə mübadilə edirdilərsə, artıq buna ehtiyac yoxdur».
Paşinyan bildirib ki, iki ölkə arasında birgə müəssisələr də yaradıla bilər: «Gələcəkdə biz iki ölkənin kapitalının iştirakı ilə birgə müəssisələrin yaradılmasını və qarşılıqlı investisiya qoyuluşlarını istisna etmirik».
Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi məhsul çeşidi genişlənə bilər.
Eyni zamanda Ermənistan Azərbaycanla əlaqələrdən nəqliyyat yollarını açmaq üçün istifadə edəcək: «Nəqliyyat yollarının açılması iş adamlarımız üçün logistik xərcləri minimuma endirəcək və onların beynəlxalq rəqabət qabiliyyətini artıracaqdır».













