Bu ilin 1-10 oktyabr tarixlərində əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması keçiriləcək.
Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev FED.az-a bildirib ki, əhalinin siyahıyaalınması Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən keçirilir.
Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanaraq Dövlət Statistika Komitəsinə təqdim edilən inzibati ərazi vahidlərinin sxematik xəritələri və 3454 yaşayış məntəqəsinin sxematik planları yerli statistika orqanlarına göndərilib: “Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib”.
E.Quliyev bildirib ki, siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək:
“Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.
Məşğulluq sahəsində milli qanunvericiliyə və Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq sorğu vərəqəsinə işçi qüvvəsini, həmçinin potensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, o cümlədən özünüməşğulluğunu, işsizliyini, iqtisadi qeyri-fəallığını və öz şəxsi istehlakı üçün mal istehsalı ilə məşğul olanları müəyyən edən bir sıra suallar daxil edilib. Bu suallar əsasında iqtisadi və inzibati rayonlar üzrə peşə və vəzifələr, iqtisadi fəaliyyət növləri, cins və yaş bölgüsündə işçi qüvvəsinə dair əldə olunacaq məlumatlar ölkədə əmək ehtiyatlarının istifadəsinin əhatəli qiymətləndirilməsinə və əmək bazarında mövcud vəziyyəti daha geniş təhlil etməyə imkan verəcək”.
O qeyd edib ki, əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq: “Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub”.