Baş nazir Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.
Sərəncamda sözügedən hissələr aşağıdakılardır:
Əmək Məcəlləsinin 223-cü maddəsinin 2-ci hissəsi
Maddə 223. Əməyin mühafizəsi xidmətləri
2. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.
Əmək Məcəlləsinə 2-ci əlavənin birinci hisəsi
İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri
1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.