Maliyyə Nazirliyi 2021-ci ildə beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
FED.az bildirir ki, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda əksini tapıb.
Sərəncamda həmçinin, 2021-ci ildə Maliyyə Nazirliyinə:
- Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları ilə bağlı nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üzrə manat və müvafiq xarici valyutalarda bölgüsü və həmin bölgüdə ediləcək dəyişiklikləri Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində;
- Beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində;
- Beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini iki ay müddətində;
- Xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Qeyd edək ki, 2021-ci il dövlət büdcəsində beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq üçün 26 milyion manat; Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına 135,3 milyon manat; beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 7 milyon manat; beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 96 milyon manat; xarici yardımlar üçün 36,8 milyon manat ayrılması nəzərdə tutulub.