Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı təsdiq edib. FED.az xəbər verir ki, bu qayda “Məktəbəqədər təhsil haqqında” qanunun 20.2-ci maddəsinə əsasən hazırlanıb və həmin qanunun 11.4-cü maddəsi ilə müəyyən edilmiş məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrinə (bundan sonra - müəssisələr) qəbul edilmiş uşaqların (bundan sonra – uşaqlar) müəssisələrdə sosial müdafiəsi məsələlərini tənzimləyir.
Belə ki, müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayriseçkiliyə yol verilmir.
- yaş kateqoriyası nəzərə alınmaqla uşaqlar münasib şəraitlə təmin edilirlər;
- uşaqların yaşı və səhhəti nəzərə alınmaqla, qida qəbul etmək tələbatları müəssisənin tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra onlar müəyyən edilmiş qida normalarına əsasən yeməklə təmin edilirlər;
- Normalara uyğun olaraq uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilirlər;
- uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilirlər;
- dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilir;
- öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilir;
- uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilir;
- inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilir;
- uşaqlara tibbi xidmət göstərilir;
- yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə uşaqlara profilaktik peyvəndlər aparılır;
- xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədi ilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.