Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasından 100 gündən bir qədər artıq vaxt keçib. Ötən müddət ərzində yeni Baş nazirin fəaliyyəti ilə bağlı sualları Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli cavablandırır:
- Akif müəllim, Baş nazir təyin olunduqdan sonra keçən 100 gündə cənab Novruz Məmmədovun fəaliyyətinin necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Sərəncamı ilə Baş nazir vəzifəsinə təyin olunan Novruz Məmmədovun fəaliyyətinə mənim qiymət verməyim düzgün olmaz. Baş nazirin fəaliyyətinə Prezident qiymət verir. Mən yalnız öz müşahidələrimi və təəssüratlarımı sizinlə bölüşə bilərəm. Onu deyə bilərəm ki, Heydər Əliyev idarəçilik məktəbinin yetirməsi olan Novruz Məmmədov uzun illər ümummilli liderlə birlikdə işləmiş və onun etibarını qazanmış təcrübəli dövlət adamıdır. İndiki yeni vəzifəsində də o, Prezidentin etimadını doğrultmaq, öhdəsinə düşən vəzifəni lazımınca yerinə yetirmək üçün əzmlə çalışır.
- Bəs son vaxtlar Nazirlər Kabinetinin strukturunda hansı dəyişikliklər edilib?
- Hələ ötən ilin oktyabr ayında Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni iş qaydasının və Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Prezidentin Fərmanı olmuşdu. Aparat işçilərinin say həddi müəyyən edilmiş, istiqamətcə bir-birlərinə yaxın olan şöbələrin birləşdirilməsi nəticəsində yeni şöbələr yaradılmışdı. Məsələn, “Humanitar və sosial məsələlər şöbəsi”, “Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi”, “Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi” və s. Novruz Məmmədov Baş nazir təyin edildikdən sonra da yenilənmə prosesi davam etdi. Baş nazir kadrların seçilib yerləşdirilməsi, inkişafı və rotasiyası məsələlərini daim diqqətdə saxlayır, yeri gəldikcə müvafiq addımlar atır. Aparatın şöbə müdirlərinin iştirakı ilə Baş nazirin yanında vaxtaşırı operativ müşavirələr keçirilir. Müxtəlif sahələrdə qarşıya çıxan problemlər ətraflı müzakirə olunur, müvafiq tapşırıqlar verilir. Bu cür toplantılar Baş nazirlə şöbə müdirləri arasındakı ünsiyyətin daha da intensivləşməsinə, işdə çevikliyin artmasına və keyfiyyətinə təsir edir. Ancaq bunlar Baş nazirin gördüyü böyük iş həcminin yalnız kiçik bir hissəsidir. Onun fəaliyyət istiqamətləri təbii ki, genişdir, çoxspektrlidir. Prezidentin tapşırıqlarının icrası, Nazirlər Kabinetinin iclaslarının keçirilməsi, çoxsaylı sənədlər üzərində iş, Qərar və sərəncamların hazırlanıb qəbul edilməsi, ayrı-ayrı nazirlik, komitə, şirkət və digər qurumların rəhbərlərinin qəbulu, məsələlərin həllində köməklik göstərilməsi, tapşırıq və məsləhətlərin verilməsi, icra strukturları arasında kooordinasiya və tənzimləmə işləri, idarə və təşkilatlardan daxil olan ən müxtəlif mövzulu müraciətlər, vətəndaş məktubları və s. və i. Bir sözlə, həmişəki kimi, Baş nazirin iş qrafiki çox gərgindir və Novruz müəllim də bu qrafikə uyğun gərgin çalışır.
- Novruz Məmmədovun iş qrafiki necədir? İşə gəlmək, getmək, istirahət...
- Baş nazir hər gün səhər saat 8:30-dan işdə olur. Axşam isə yalnız nəzərdə tutulan işlər başa çatandan sonra çıxır. Şənbə günü də işləyir. Ümumiyyətlə, deyim ki, dövlət qulluqçuları üçün iş qrafiki şərtidir, onlar bayram və istirahət günləri də işləyirlər. Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər. Pafoslu səslənsə də, xalq üçün, dövlət üçün, Vətən üçün çalışırlar, bütün ölkə üzrə hərə öz sahəsində müvafiq tapşırıqların icrası ilə məşğul olur.
- Novruz Məmmədov Baş nazir təyin edildikdən sonra Nazirlər Kabinetinin fəaliyyətində operativlik hiss olunur...
- Prezidentin yuxarı icra orqanı kimi Nazirlər Kabineti ölkə miqyasında iri həcmli, çox məsul vəzifələri yerinə yetirir, aidiyyatı tapşırıqların icrasına nəzarət edir, iqtisadi həyatın bütün sahələri üzrə normativ hüquqi bazanın hazırlanması, koordinasiya və tənzimləmə prosesləri ilə məşğul olur. Bayaq haqqında danışdığımız yeni iş qaydasının təsdiq edilməsi barədə Prezidentin Fərmanı da Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. Və bu Fərmana əsasən Nazirlər Kabinetində aparılan dəyişikliklər əlbəttə, keyfiyyətə təsirini göstərməyə bilməzdi. NK strukturu yeniləndikcə, əməkdaşlar da müasir dövrün tələblərinə uyğun olaraq daha operativ, səmərəli fəaliyyət variantları əsasında çalışırlar.
- Bu yaxınlarda Baş nazirin Katibliyinin rəisi vəzifəsinə də yeni təyinat oldu. Həmin vəzifə sahibinin əsas işi nədən ibarətdir?
- Baş nazirin Katibliyi əsasən Baş nazirin tapşırıqlarının yerlərə çatdırılması, icrasının təşkili və icraya nəzarət funksiyalarını yerinə yetirir. Katibliyə çoxsaylı müraciətlər daxil olur və onların hər biri diqqətlə öyrənilir, araşdırılır. Prezident Administrasiyasından, mərkəzi və yerli icra orqanlarından daxil olan sənədlər, məktub və müraciətlər əsasında müvafiq araşdırmalar aparır, nəticələri barədə Baş nazirə məlumat verir, tapşırıqlar hazırlayır və s. Baş nazirin köməkçiləri Katiblikdə təmsil olunurlar. Əvvəllər Katibliyin rəhbəri vəzifəsi vakant idi. Novruz müəllim Katibliyin rəisi vəzifəsinə gənc və perspektivli kadr olan Ərəstü Həbibbəylini təyin edib.
- Hazırda Nazirlər Kabinetində boş qalan vəzifə varmı?
- Əsas aparıcı vəzifələr üzrə demək olar ki, vakansiya yoxdur.
- Adətən yeni vəzifəyə təyin olunan şəxslər özlərinə yeni köməkçilər götürür. Cənab Novruz Məmmədov isə sələfinin köməkçiləri ilə işləməkdə davam edir...
- Baş nazirin köməkçisi vəzifəsi Dövlət qulluğu haqqında Qanuna əsasən siyasi yox, inzibati vəzifə təsnifatına daxildir. Ona görə də əvvəlki Baş nazirlərlə işləyən köməkçilərin bu gün işini davam etdirməsi qanunla tənzimlənir. Digər yandan, qeyd etdiyim kimi, Novruz Məmmədov dövlət işində böyük təcrübəyə malik, uzun illər ulu öndərin və möhtərəm Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında işləmiş şəxs kimi idarəetmə prinsiplərinə çox yaxşı bələddir. O, ölkənin kadr potensialı ilə yaxından tanışdır, belə demək mümkünsə, kimin kim olduğunu yaxşı bilir. Özü də xarakter etibarilə səmimi insandır, geniş məlumatlı, tanınmış ziyalıdır. İnsanlarla münasibətində, məsələlərə baxışında ədalət normalarına, qanunun aliliyinə söykənməyi zəruri sayır. Əsas odur ki, işçi intizamlı, zəhmətkeş, bacarıqlı olsun.
- Novruz Məmmədovun fəaliyyətinə cəmiyyətin reaksiyasını necə qarşılayırsınız?
- Cəmiyyət Prezidentin qərarını müsbət qarşıladı. Bunu mətbuatdan, sosial şəbəkələrdən də görmək olar. Baş nazir ona edilən müraciətlərə həmişə diqqətlə yanaşır. Bir neçə gün öncə "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüdə intihara cəhd hadisəsini xatırlayın. Bu barədə mətbuatda, o cümlədən “Report”da xəbərlər dərc olundu. Xəbəri eşidən kimi Baş nazirin dərhal hadisə yerinə gedib bir insanın taleyini xilas etməsi – həm də onun insanpərvərliyinin və həssaslığının göstəricisi idi.
Ümumiyyətlə, Baş nazir hər bir müraciətə diqqətlə və həssas yanaşır. Məsələn, bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin üzləşdiyi problemlə bağlı Baş nazirə müraciət olunmuşdu. Məktubda onun Bakı Baş Gömrük İdarəsində əsassız olaraq süründürməçiliklə üzləşməsi faktı əksini tapmışdı. Baş nazirin tapşırığı ilə bu məsələ nəzarətə götürüldü, araşdırıldı və Baş nazirin aidiyyatı üzrə tapşırığından sonra, Milli Qəhrəmanın hüquqları bərpa edildi, problem həllini tapdı...
-Belə müsbət nümunələr dövlət-vətəndaş münasibətləri baxımından çox əhəmiyyətlidir.
- Bəli. Baş nazirin gündəlik fəaliyyətində belə nüanslar çoxdur...
- Yəqin ki oxucularımız üçün də maraqlı olar, əgər mümkünsə...
- Bir müddət öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən Baş nazirə müraciət olunmuşdu ki, ölkədə dəmir yolunun təhlükəsizliyinin təmin olunması məqsədilə görülən böyük işlərlə yanaşı, bəzi ərazilərdə lazımi tədbirlərə ehtiyac var. Konkret olaraq, paytaxtın Nizami və Xətai rayonları ərazisinə düşən Babək prospektindən Nobel prospektinə qədər olan hissədə dəmir yolu xəttində yaranmış vəziyyət göstərilirdi. Yol boyunca sakinlərin məskunlaşdığı o ərazidə kommunal xidmətin olmaması ətraf mühitin xeyli çirklənməsinə səbəb olmuşdu. Baş nazir dərhal məsələyə reaksiya verdi və onun tapşırığı ilə müvafiq icra strukturları əraziyə baxış keçirdilər. Məlum oldu ki, həqiqətən böyük bir ərazidə xeyli müddətdir çirkab suları, məişət tullantıları, lazımsız əşyalar birbaşa dəmir yoluna atılır. Yaranan zibil yığını və çirkab suları həm qatarların təhlükəsiz hərəkətinə maneə yaradır, həm də antisanitariya şəraiti əhalinin sağlamlığı, şəhərin ekoloji siması üçün arzuolunmaz səviyyəyə çatıb. Novruz müəllimin müdaxiləsindən sonra təkcə dəmir yolu xətti deyil, bütün ətraf ərazi çirkabdan, zir-zibildən təmizləndi, dezinfeksiya və abadlıq işləri aparıldı. İndi o əraziyə kanalizasiya xəttinin çəkilib ümumi kollektora qoşulması, zibil konteynerlərinin qoyulması, sakinlər üçün normal kommunal şəraitin yaradılması və ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində işlər davam etdirilir.
- Akif müəllim, Baş nazirin mətbuatla, sosial şəbəkələrlə bağlı iş prinsipi barədə nə deyə bilərsiniz?
- Novruz müəllimin mətbuata tam fərqli münasibəti var. O, mətbuata açıq şəxsdir, jurnalistlərlə münasibətlərində heç bir kompleks yoxdur. Bildiyiniz kimi, bundan əvvəlki vəzifəsində, Prezidentin köməkçisi işləyəndə də, o, mətbuatla sıx təmasda olub. Baş nazir mətbuata qarşı çox həssas və diqqətlidir. Təbii ki, gündəlik mətbuatı izləyir. Özü də sosial şəbəkələrdə aktivdir, “Twitter”də səhifəsi var. Kiv-ə olan marağının nəticəsidir ki, Nazirlər Kabinetinin rəsmi saytı yeniləndi, qurumun “Twitter”də səhifəsi yaradıldı. Novruz müəllimin maraq dairəsi genişdir. Təkcə iqtisadiyata, təsərrüfata aid materiallarla yox, həm də sosial, siyasi, elmi, mədəni, beynəlxalq aləmlə bağlı materialları da diqqətlə izləyir. Xarici dövlətlərin nümayəndələri ilə görüşəndə regionda gedən proseslərlə bağlı özəl təhlillərini, baxışını, mövqeyini ortaya qoyur. Bəzən onlar deyirlər ki, Siz Baş nazirsiniz, amma siyasi, politoloji məsələləri çox dəqiq analiz edirsiniz. Novruz Məmmədov da onlara əvvəlki işində bu sahə ilə məşğul olduğunu xatırladır.
Mətbuat xidmətləri adətən idarə rəhbərlərinin kurasiyasında olduğu üçün mütəmadi əlaqədəyik və daim öz tapşırıq və tövsiyyələrini verir. Bir tələbi də odur ki, çap və ya elektron mediada yayılan mühüm mövzularla bağlı informasiyalar Aparatın aidiyyatı şöbələrinə də çatdırılsın. Onlar jurnalist yazılarında göstərilən neqativ hallarla bağlı araşdırma aparsınlar, təsdiqini tapdığı halda problemin həllinə çalışsınlar. İrili-xırdalı çox məsələlər olur ki, biz şöbələrlə birlikdə Baş nazirin iradəsinə və dəstəyinə arxalanaraq onların həlli prosesinə müdaxilə edirik... Lap bu yaxınlarda mediada belə bir məlumat yayıldı ki, Şəkidə bir çay üzərindən salınmış körpüdə kimsə “şlaqbaum” qurub və o taya keçmək istəyən hər maşından 1 manat pul alır. Biz aidiyyatı şöbə ilə birlikdə həmin informasiyanı araşdırdıq və rayon icra hakimiyyəti məlumat verdi ki, bu bir təsadüfi hal olub və dərhal aradan qaldırılıb. Bu məlumatı mediaya da çatdırdıq... Açığı, bəzən həqiqətə uyğun olmayan, yaxud tələsik hazırlanan mətbu materiallarla da rastlaşırıq. Bu, günümüzün reallığıdır.
- Bakı Şəhər İcra Hakimiyyətinin keşmiş başçısı, Baş nazirin müavini Hacıbala Abutalıbovun iş prinsipi necədir?
- Hacıbala Abutalıbov alimdir, Heydər Əliyev ideyalarına son dərəcə sadiq insandır. Siyasi fəaliyyətində böyük xidmətləri olub. Sonra icra strukturlarında işləyib, indi yenidən Baş nazirin müavini vəzifəsinə təyin edilib. Hacıbala müəllim səmimi, ünsiyyətdə rahat insandır. Əməkdaşlar xüsusi olaraq qəbula yazılmadan ona maneəsiz müraciət edə bilirlər... Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetində bu gün hamı kimi o da, tapşırıqların icrası istiqamətində var qüvvəsi ilə çalışır.
- Mətbuatda bəzən yaşayış binaları ilə bağlı pilot layihələrin düzgün həyata keçirilmədiyi qeyd olunur. Vətəndaşlar bununla bağlı Nazirlər Kabinetinə müraciət edirlərmi?
- Yeni iş qaydasına görə illik plan əsasında vaxtaşırı Nazirlər Kabinetinin iclasları keçirilir. Həmin iclaslarda ölkənin iqtisadi-sosial həyatına dair bir çox məsələlər, o cümlədən, dediyiniz pilot layihələrin icra vəziyyəti ilə bağlı da mərkəzi və yerli icra orqanları rəhbərlərinin məlumatları dinlənilir. İclasa sədrlik edən Baş nazir hər məsələyə dair müvafiq tapşırıq və tövsiyələrini verir.
Baş nazirin iştirakı ilə ölkənin iqtisadi həyatına dair məsələlər mütəmadi müzakirəyə çıxarılır. Lap bu günlərdə Novruz Məmmədovun yanında kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı məsələlərdə mövcud problemlər geniş müzakirə edildi. Ölkə mediasının da diqqətində olan bu aktual problemin müzakirəsindən sonra konkret tədbirlər müəyyənləşdirildi və icrası üçün aidiyyatı üzrə göstərişlər verildi.
- Akif müəllim, neçə Baş nazirlə işləmisiniz?
- 1994-cü ilin oktyabr ayından Nazirlər Kabinetinin mətbuat xidmətində çalışıram. Bu müddət ərzində ölkədə üç Baş nazir dəyişilib. Bu gün də Baş nazir Novruz Məmmədovun rəhbərliyi altında işləyirik..
- 24 ildir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbərisiniz. Bu necə hissidir?
- Bildiyiniz kimi, əvvəllər kinoda, radioda, televiziyada, mətbuatda, elm-təhsil sahəsində işləmişəm. “Vətən səsi” qəzetinin baş redaktoru işlədiyim 1990-cı illərdə Azərbaycanın qurtuluşu üçün o zamanlar Naxçıvanda yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının labüdlüyü ideyasının kütləviləşməsi istiqamətində bizim qəzetimiz də var qüvvəsi ilə çalışırdı. Şükür ki, ədalət zəfər çaldı, Heydər Əliyev yenidən hakimiyyət sükanı arxasına qayıtdı... 1994-cü ilin oktyabrında, dövlət çevrilişinə cəhd hadisəsindən sonra, NK Aparatının tərkibi yenidən quruldu. Ulu öndərin xeyri-duası ilə Nazirlər Kabinetində Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olundum.
Mən taledən çox məmnunam ki, müstəqil respublikamızın ilk dirçəliş illərindən başlayaraq bu günkü qüdrətli dövrünə qədər keçən müddət ərzində bütün inkişaf mərhələlərini bilavasitə yaxından müşahidə etmiş, izləmiş, iştirakçısı olmuşam. Müasir Azərbaycanın inkişaf stategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunub, biz də bu yolla gedirik. Bizim üçün uğrunda cəfalar çəkdiyimiz Azərbaycanın müstəqilliyi xalqın milli sərvəti kimi əzizdir. Azərbaycan xalqının mənafeyi, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, Qarabağ probleminin həlli naminə və torpaqlarımızın azadlığı uğrunda mübarizələr, ölkəmizin sürətli inkişafı, dünya birliyində öz yerini tutması... İnanın ki, vaxtilə imperiya əsarəti görmüş hər kəs üçün bu prosesləri yaşamaq gözəl hissdir!
- Yaşadıqlarınızı yazsanız, yəqin ki maraqla oxunar...
- Təşəkkür edirəm... Son olaraq onu deyim ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin fəaliyyəti dövlətin informasiya siyasətinə, ölkə rəhbərliyinin yürütdüyü siyasi xəttə əsaslanır. Mədəniyyətin mühüm bir qolu olan mətbuat mənə həm nəzəri, həm praktik cəhətdən doğmadır, yaxındır...
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu günkü uğurlarımızın əldə olunmasında, Azərbaycanın müasir, modern bir ölkəyə çevrilməsində Prezident İlham Əliyevin uzaqgörən və bacarıqlı rəhbərliyi müstəsna rol oynayıb. Prezidentin yuxarı icra orqanı kimi Nazirlər Kabinetinin də bu yolda göstərdiyi xidmətlərlə yanaşı, hələ qarşıda görəcəyi çox işlər var. Təyinatından artıq 100 gün keçən yeni Baş nazir Novruz Məmmədovun rəhbərliyi altında Nazirlər Kabineti respublikanın sosial-iqtisadi həyatının bütün istiqamətləri üzrə, o cümlədən, sənaye, kənd təsərrüfatı, müdafiə, qeyri-neft sektoru, nəqliyyat, rabitə, təhsil, turizm və digər sahələrin inkişafı üçün zəruri olan işləri daim diqqətdə saxlayır, qarşıya çıxan məsələlərin uğurlu həlli naminə var qüvvəsi ilə çalışır.