Azərbaycan və ABŞ-ın gömrük xidmətlərinin rəhbərliyi arasında görüş keçirilib.
FED.az xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının iclasında iştirak etmək üçün Bəhreyn Krallığının paytaxtı Manama şəhərində səfərdə olan Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ilə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti nümayəndə heyətinin rəhbəri İan Saunders arasında görüş keçirilib.
Dekabrın 5-də keçirilən görüş ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti nümayəndə heyətinin xahişi ilə baş tutub.
Görüşdə Azərbaycanla ilə ABŞ arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, gömrük işi sahəsində də əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Azərbaycan və amerikalı gömrükçülərin tək ÜGT çərçivəsində deyil, ikitərəfli və regional proqramlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri və əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, görüşdə İan Saunders gələcəkdə Ümumdünya Gömrük Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək istədiyini bildirib və bu sahədə Azərbaycan tərəfi ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.