Bakıda və Abşeron yarımadasında su və kanalizasiya sistemlərini normal vəziyyətə gətirməyə 10,5 milyard manat vəsait lazımdır.
Deputat: "Azərbaycanda su itkisi yüksək olaraq qalır"
FED.az xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.
"Bu vaxta qədər su və kanalizasiya sistemləri layihəsi hazır olmayan yalnız Bərdə şəhəri idi. Onun da layihəsi artıq Fövqəladə Hallar Nazirliyindən keçməkdədir", - deyə sədr qeyd edib.
"Gəlin bu işə bir az geniş formada baxaq. Ölkədə su və kanalizasiya sistemləri ilə bağlı bitməmiş layihələrin dəyəri 2,7 milyard manatdır. Yarım milyon əhalisi olan Gəncə şəhərinin su və kanalizasiya sistemləri layihəsinin icrası hələ də davam edir. Onun dəyəri 550 milyon manatdır. Viləşçay su anbarı ilə layihənin isə 2-ci hissəsinin dəyəri 600 milyon manatdan çoxdur. Azərbaycanda 52 min km suvarma kanalı var. Onun da 40 min km-dən çoxu torpaq kanallarıdır. Biz su itkisindən danışırıq. O suyun 50 %-i həmin kanallara gedir. Bir tərəfdən çıxan su gedib o biri tərəfə çatmır. Bizim çox qızğın Aran bölgələrindəki layihələrimiz üçün 9 milyard manatdan çox vəsait lazımdır", - deyə Z.Mikayılov əlavə edib. (Report)