Iran Mərkəzi Bankı yeni valyuta siyasətini açıqlayıb.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, İran Mərkəzi Bankının sədri Abdulnasır Hümməti valyuta qadağalarının qismən ləğv ediləcəyini deyib.
O bildirib ki, bundan sonra valyuta qiymətlərinin müəyyənləşdirilməsinə müdaxilə edilməyəcək. Qiymətlər tələb və təklif nəticəsində müəyyən olunacaq.
Eyni zamanda, bank bazarda həddindən artıq dalğalanmaların əngəllənməsi və “qara bazar”ın yaranmasının qarşısının alınması üçün ciddi nəzarət həyata keçirəcək.
Bununla bərabər, qeyri-neft ixracatçılarının idxalçılara valyuta satmalarına imkan veriləcək, ölkəyə gətiriləcək valyuta və qızıl üçün məhdudiyyət olmayacaq:
“Amerikalıların sanksiyalarına qarşı iqtisadiyyatımızı liberallaşdırırıq. Bizim problemimiz yoxdur, xalqın narahatlığına heç bir səbəb görmürük”.
Xatırladaq ki, dolların məzənnəsini nəzarətə almağa çalışan İran Nazirlər Kabineti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avrodan istifadəyə qərar vermişdi.