Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin maliyyə naziri İvane Maçavariani ilə görüşüb.
Eləcə də bax: Gürcüstan quru sərhədlələi bağlı cari rejimi - Qüvvədə Saxlayıb
FED.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi, ticari, maliyyə və humanitar sahələrdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyi vurğulanıb.
İ.Maçavariani deyib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar və nümunəvi dostluq münasibətləri olan hər iki ölkə ümumi iqtisadi və geosiyasi maraqları bölüşür.
F.Quliyev qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan ümumi maraqlarımıza və xalqlarımızın rifahına xidmət edən əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır.
Söhbət zamanı iki ölkə arasında birgə gömrük-keçid məntəqəsinin inşası layihəsi də diqqət mərkəzində olub. Bildirilib ki, layihə çərçivəsində sərhədin keçilməsi prosedurları əhəmiyyətli dərəcədə sürətlənəcək və asanlaşacaq, həmçinin iki ölkənin nəqliyyat və ticarət əlaqələri möhkəmləndiriləcək.
Qeyd olunub ki, iki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında informasiya mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının effektivliyinin artırılması üçün geniş imkanlar var.
Görüşdə pandemiya şəraitində gömrük orqanlarının fəaliyyətlərinin koordinasiyası məsələsinə də toxunulub və qeyd olunub ki, fəaliyyətin birgə əlaqələndirilməsi yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda da məhsulların fasiləsiz tədarükünü təmin edə bilər.
Tərəflər görülən tədbirlər nəticəsində COVID-19 pandemiyasının hər iki ölkənin iqtisadiyyatına təsirinin azalacağına ümidvar olduqlarını bildiriblər. (Azərtac)