Gürcüstan hökuməti quru sərhədlərlə bağlı cari rejimin qüvvədə saxlanılması barədə qərar qəbul edib.
Eləcə də bax: Əcnəbilər Gürcüstana yeni qaydalarla buraxılacaq
FED.az xəbər verir ki, bu barədə Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında bildirilib.
Baş nazirin tapşırığına əsasən, quru sərhədlər vasitəsilə Gürcüstana daxilolma rejiminin dəyişdirilməsi üzrə işlər davam etdirilir. Həmçinin epidemioloji tendensiyalar monitorinq olunur və vəziyyətin ətraflı təhlilindən sonra müvafiq qərarlar qəbul olunacaq.
Toplantıda qeyd olunub ki, Gürcüstanın strateji tərəfdaşı olan Türkiyə vətəndaşlarının hava sərhədi vasitəsilə ölkəyə daxil olması proseduru sadələşdirilib. Türkiyədən Gürcüstana səfər edən, tranzit məqsədilə daxil olan vətəndaşlar və rezidentlər 72 saat ərzində aparılan “PCR” testin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməli və üç gündən sonra öz hesablarına təkrar test verməli olacaqlar.
Qeyd edək ki, Türkiyə ilə yanaşı Avropa İttifaqı ölkələri, İsrail, İsveçrə, Norveç, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Bəhreynin vətəndaş və rezidentlərinə də eyni rejim tətbiq olunur. Bu ölkələrdən olan ziyarətçilərdən Gürcüstana daxil olarkən özünütəcrid rejiminə keçmək tələb edilməyəck.
Xatırladaq ki, pandemiyaya görə Gürcüstan ötən ilin martından qonşu ölkələrlə quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş rejimini dayandırıb. (Report)