Dəyişiklik edə biləcək, uğur qazanacaq biznes ideyaları müəyyən etmənin yolları
Həyatımıza yeni bizness həll yollarının daxil olmasının ardı arası kəsilmir. Bəzən bu yeniliklər çox mürəkkəb bir innovasiya olur, digərləri öz sadəliyi ilə seçilir, bəzi uğurlu ideyalar isə müxtəlif mərhələlərdə uğursuzluğa məruz qalır. Hər hansı bir biznes innovasiya ilə uğur qazanmaq üçün heç də hər zaman dahi proqramist, imkanlı bir şəxs olmağa və ya xaricdə oxumağa ehtiyac yoxdur. Artıq elə bir zamanda yaşayırıq ki, resurs əldə etmək və bu resursları istifadə edib ideyalarımızı reallaşdırmaq həddindən artıq asanlaşıb. Sadəcə müəyyən maniələr imkan vermir ki, biz imkanlardan istifadə edib potensialımızı reallaşdıraq. İstənilən ideyanın müzakirəsi zamanı tez tez dostlarımızdan belə bəhanələr eşidirik:
- Yaxşı ideya tapmaq çox çətindir, ideya hər adama gəlmir.
- Yeni biznes ideyası ilə bazarda partlayış etmək üçün yeni məhsul/xidmət və ya yeni bazar yaratmaq lazımdır.
- Pul, investor tapmaq çətindir.
Bu bəhanələr bəzi hallarda doğru, digər hallarda isə yalnış olur. Bir çox hallarda biz hansı addımların atılacağını bilmirik, müzakirə etdiyimiz ideyaların işləyib işləməyəcəyinə dair əlimizdə çox az əsas olur, ya da ki, ideyalar çox kəskin və bəzən əsassız tənqidə məruz qalaraq sona çatır. Yaxşı ideya tapmaq üçün məsələyə strukturlu yanaşmaq lazımdır. Hər hansı bir ideyanın reallaşdırılması prosesini aşağıdakı komponentlərə bölə bilərik:
Gəlin ilk olaraq ideyaların müəyyən edilməsi prosesinə fokuslanaq və bu prosesi daha strukturlu etmək haqqında düşünək. Bir sıra işlək metodları sizinlə bölüşmək istəyirəm:
- Mütəmadi olaraq gündəlik həyatınızda üzləşdiyiniz standardlaşmış proses və məhsulları, onların hansı problemi həll etdiklərini nəzərdən keçirin və onlara alternativ həll yolu haqqında düşünün. Bu yanaşma əsasən vasitəçilərin aradan qaldırılması ilə uğurlu olur. Buna misal kimi airbnb.com-u misal gətirmək olar. Əvvəllər evlərin kirayə verilməsini vasitəçi agentlər vasitəsi ilə həyata keçirilirdisə, Airbnb bazara girəndən sonra müştərilər bu platform vasitəsi ilə mənzil sahibləri ilə birbaşa əlaqə saxlayıb, evləri icarəyə götürə bilirlər. Digər misal kimi, turizm agentliklərini əvəz edən booking.com-u misal göstərmək olar.
- Maraq dairənizə, hobilərinizə və sizi həyəcanlandıran sahələrə fokus olun. Bazar trendlərinin bu sahələrə təsirini qiymətləndirin. Ailə üzvlərimdən biri hər zaman marağı olan və zövq aldığı işi sonda biznesə çevirmişdir. Belə ki, uşaq paltarlarından gül səbəti hazirlayaraq instaqram üzərindən satışa başlamış və kifayət qədər uğurlu nəticələr əldə etmişdir. Digər bir tanışım isə, Tibb universitetini bitirdiyinə baxmayaraq hobbisi olan tort bişirməyi özü üçün biznesə çevirib. Başqa bir yaxın dostumuz isə Hava Limanında işləyərkən boş vaxtlarında hobbi kimi video montaj, rejissiorluq işini öyrənərək, bu hobbini sonradan biznesə çevirmiş, Hava limanındakı işindən imtina edərək özünü bu işə həsr etmiş və hazırda ölkədə ən gözəl video, reklam və klip çəkənlərdən sayılır.
- Gündəlik həyatda sizi narahat edən, sizi deyinməyə məcbur edən situasiyalara baxın. Onların içindən ən baş ağrısı yaradanını seçin və həll yolu fikirləşin. Burda vacib olan, müəyyən edilmiş narahatçılığın cəmiyyət üçün də mühüm problem olmasıdır. Misal üçün, UBER ideyası, onu yaradanlar – Travis Kalanick and Garrett Campin ağlına Parisdə taksi axtarışı zamanı üzləşdiyi çətinlik nəticəsində yaranmışdır.
- Adi əşyalara fikir verin və onları necə bahalı, lyuks, brend əşyaya çevirmək olar, bu haqda düşünün. Adi tualet kağızlrarını lyuks məhsula çevirib kifayət qədər uğurlu olan Renovanı misal gətirmək olar.
- Hazırkı bahalı məhsulların dizaynında, istifadə edilən materiallarında və ya funksionallığında dəyişiklik edib onu bazarda daha əlverişli etmək haqda düşünün. Tata şikətinin buraxdığı Nano avtomobilləri Hidistanda təxminən 3500$-a satılır və bu qiymət avtomobil bazarında ən ucuzlardan olmaqla, yoxsul kateqoriyalı insanların belə uyğundur. Digər bir misal Xiaomi telefonlarıdır. Bu telefonlar təxminən 100$-a satılır və funksionallıqda heç də 500-1000$-a satılan rəqiblərindən geri qalmır.
- Bir coğrafi regionda və ya hansısa sahədə baş vermiş innovasiyanı digər coğrafiyaya gətirin. Facebook yaranan dövrdən bir qədər sonra demək olar ki eynisi olan VKontakte rusiya bazarında yaradıldı və kifayət qədər uğurlu oldu. Belə işlərdə bazarın böyüklülüyünü mütləq nəzərə alın. Əmin deyiləm ki, Azərbaycan üçün ayrıca belə bir platform yaradılsa idi işlək olardı.
- Sosial demoqrafik trendlərə baxıb gələcək təlabatları müəyyən edin. Misal üçün: 10 il qabaq Bakıda hər kəs çayxanalarda görüşürdüsə indi bu görüşlərin keçirilmə məkanı qəhvə kafelərinə transformasiya edir.
Əsaslı biznes ideyaları əldə etmək üçün yuxarıdakı yanaşmaları və ya özünüzün müəyyn etdiyiniz başqa bir yanaşmanı istifadə edib beyin fırtınası həyata keçirmək lazımdır. Əlinizdə daha çox ideynaının olmasını istəyirsinizsə beyin fırtınası zamanı heç bir ideyanı müzakirə etməyin. Çünki, bir çox hallarda ideyalar müzakirə olunan zaman ya əsassız tənqidlərə məruz qalaraq ya məhv edilir, ya əksinə ideyanı təqdim edən şəxs ideya barədə əsassız təriflər eşidərək, öz emosional təlabatını ödəyib ideyanı həyata keçirməkdən üz döndərir.
Bazarda uğurlu olacaq yeni ideya müəyyən etmək istəyirsinizsə ağlınıza gələn ideyaların mühakiməsiz siyahısını tutun və yalnız ondan sonra ideyaların bir-bir üzərindən keçib müzakirə edin. Həttə, özünüzlə kitabça gəzdirib və ya telefonuzda yeni ideyaları qeyd edin.
Növbəti mərhələlərdə biz ideyaların seçilməsindən, biznes modellərin hazırlanmasından və onların test olunmasından danışacayıq.