Qeyri-formal məşğulluqla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Ölkəmizdə qeyri-formal məşğulluğun azaldılması üçün ən ciddi stimullar yaradılıb. Məsələn, vergi güzəştləri tətbiq olunub, eyni zamanda, inzibati tədbirlər gücləndirilib. Bu tədbirlərin müsbət dinamikası ötən il çox ciddi şəkildə özünü göstərdi. Təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artdı. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım oldu. Bu çox ciddi tədbirlər nəticəsində əməkhaqqı fondu birbaşa 42 faiz artdı. Bu, əməkhaqqı fondunda 42 faiz leqallaşma deməkdir. Bu, həm iqtisadiyyata, həm pensiya-sosial təminatına, həm də kölgə iqtisadiyyatının azaldılmasına ciddi dəstəkdir. Bu müsbət dinamika davam edir. Bu günə olan statistikaya əsasən yanvarın 1-i ilə bu gün arasında əmək müqavilələrinin sayında 19 min 400 artım var. Əməkhaqqı fondunda da 5 faizlik artım var. Özəl sektorda bu müsbət dinamika davam etdiyi təqdirdə, bunun həm iqtisadi səmərəsi çox geniş olacaq, eyni zamanda da vətəndaşların sosial təminatı güclənəcək.
Eləcə də bax: “Əgər görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur...”
FED.az "azərtac"a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin qəbulunda olarkən məlumat verib.
Sahil Babayev bildirib ki, bu istiqamətdə təbliğatla bağlı çoxsaylı videoçarxlar çəkilib, çoxsaylı pres-relizlər təqdim olunub. Şəhərin müxtəlif yerlərində bannerlər yerləşdirilib: “Ötən il 50-dən artıq tədbir keçirilib, builki proqramımızda isə 100-dən çox tədbirin təşkili nəzərdə tutulur. Müxtəlif rayonlardan, regionlardan işəgötürənlər, həmkarlar ittifaqlarının nümayəndələri dəvət olunaraq onlarla ciddi təbliğat işləri aparılacaq. Paralel olaraq “Çağrı” mərkəzimiz tam gücü ilə işləyir. Ötən il 280 min müraciət qəbul etmişik. Ehtimal edirik ki, bu il bizim “Çağrı” mərkəzimiz 400 mindən çox müraciət qəbul edəcək. Biz müraciət və şikayətlərə, ilk növbədə, ətraflı izahat veririk. Pozuntularla bağlı işəgötürənlərə xəbərdarlıqlar göndəririk. Xəbərdarlıqlara riayət etməyənlərə cərimələr tətbiq edirik.
Sizin müvafiq fərman və sərəncamlarınızla minimum əməkhaqqı artdıqdan sonra bir ay ərzində təqribən 300 mindən çox şəxsin əməkhaqqı hələ də əvvəlki kimi qalmışdı. Onlarla ciddi təbliğat işləri apardıq, elektron xəbərdarlıq göndərdik, cərimələr barədə məlumat verdik. Nəticədə qısa müddət ərzində 300 min rəqəmi 50 mindən aşağı düşdü. Beləliklə 250 min insanın əmək müqavilələrində müvafiq düzəlişlər edildi. Bu işlər mütəmadi və davamlı olaraq aparılacaq. Əlbəttə, xəbərdarlıqlara məhəl qoymayan, bildirişləri nəzərə almayan işəgötürənlərlə bağlı ciddi tədbirlər görüləcək”.