Türkiyənin maliyyə sepktorunun rəhbərlərindən biri, Türkiyə prezidentinin Maliyyə Ofisinin Müdiri professor Göksel Aşan Bakıya səfər edib.
FED.az xəbər verir ki, onunla birlikdə Türkiyə hökumətinin digər nümaynədəsi - nin əmək və əhalinin müdafiəsi nazirinin müavini Ertuğrul Soysal da Bakıya səfərə gəlib.
Türkiyə hökumət rəsmiləri Bakıya Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) 5-ci dönəm Seçkili Ümumi Yığıncağında iştirak etmək üçün gəliblər.
Xatırladaq ki, sözügedən toplantıda Azərbaycan və Türkiyə rəsmiləri, iqtisadiyyat və sosial müdafiə nazirlərinin müavinləri, Hesablama Palatasının sədri, KOBİA-nın sədri, sahibkarlıq təşkilatlarının – ASK, ATİB, MÜSİAD rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyətin nümayəndələri iştirak edib.
Toplantıda çıxış edən Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən təhlükəsizlik, sosial sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Göksel Aşanın sözlərinə görə, hazırda qarşıda duran əsas məsələlər iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi, iki ölkə iqtisadiyyatlarının inteqrasiya edilməsi, Azərbaycan və Türkiyənin 3-cü ölkələrə mal və xidmətlərin təqdim edilməsinə başlanmasıdır.