Son bir ay ərzində Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda gömrük ödənişlərinin büdcədən yayındırılmasının qarşısı alınıb.
DGK Mətbuat Xidmətinin yaydığı məlumat görə, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsində yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılmaqdadır.
Mallara dair müşayiətedici sənədlərin düzgün təqdim olunmaması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə mal kodunun, malın miqdarının, mənşəyinin, xassələrinin, dəyərinin və digər məlumatların düzgün bəyan olunmaması istiqamətində risk ehtimalı yaradan halların qarşısının alınmasının nəticəsi olaraq müəyyən nailiyyətlər əldə olunmuşdur. Belə ki, sadalanan istiqamətlər üzrə aparılmış bir sıra təhlillərin nəticəsi ilə əlaqəli aşağıda qeyd olunan bəzi faktlar aşkarlanmışdır:
"Manifest – 20" MMC şirkəti tərəfindən ölkə ərazisinə idxal olunan Çin mənşəli müxtəlif təyinatlı malların gömrük rəsmiləşdirilməsi zamanı faktura dəyərinin, eləcə də mal miqdarının dəfələrlə aşağı olması faktı aşkarlanmışdır. Belə ki, müvafiq təhlillərin nəticəsində həyata keçirilmiş fiziki baxış zamanı 36 000 ədəd eynək əvəzinə 7 008 ədəd, 44 ədəd səs gücləndirici əvəzinə 30 ədəd və s. bəyan edilməsi müəyyən olunmuşdur.
Aparılmış təhlillərin nəticəsi olaraq ölkə ərazisinə idxal olunan bəzi malların dinamikası şübhələr doğurduğundan əlavə araşdırmaların aparılması üzrə ehtiyac yaranmışdır. Belə ki, "İRS İnşaat" MMC şirkəti tərəfindən Amerika mənşəli qabığı təmizlənməmiş badam kimi bəyan olunmuş mallara fiziki baxış keçirilməsi nəticəsində 31 298 kq miqdarında faktiki dəyərindən yuxarı qabıqsız badam olduğu aşkarlanaraq 30 261 AZN məbləğində gömrük ödənişlərinin əlavə olaraq dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.
Eyni zamanda gömrük ödənişlərindən yayınma üsullarından biri kimi XİFMN üzrə mal kodlarının dəyişdirilərək gömrük tarif dərəcəsinə əsasən daha aşağı idxal gömrük rüsumuna cəlb olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, "Dulce Nutrition" MMC tərəfindən ölkə ərazisinə idxal olunan bioloji aktiv qida əlavələri təbii və ya sintez edilmiş provitaminlər və vitaminlər qrupuna daxil edilərək bəyan olunmuş və gömrük tarif dərəcəsinə əsasən 0 % idxal gömrük rüsumu tətbiq edilməsinə cəhd göstərilmişdir. Bununla əlaqədar malların tərkibi və XİFMN üzrə kodunun dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ünvanlanmış müraciət məktubunun araşdırılması nəticəsində bəyan olunan malların daha yüksək tarif dərəcəsi müəyyən olunaraq 31 689 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.
Risk ehtimalı yaradan hallar üzrə istiqamətlərdən biri də ölkə ərazisinə idxal olunan malın aşağı gömrük dəyəri ilə bəyan olunmasıdır. Belə ki, Muradov Nizami Məmməd oğlu tərəfindən idxal olunan boyanmış teksturasiya edilməmiş poliefir saplardan olan parçaların gömrük rəsmiləşdirilməsi zamanı yaranmış şübhələrin araşdırılması məqsədilə əlavə sənədlərin tələb edilməsi nəticəsində orijinal invoysun olması aşkarlanaraq əlavə 35 271 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.
Ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması ilə bağlı bəzi faktlara nəzər salaq.
Belə ki, müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində "Arsenal Center" MMC şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta mənşə sertfikatı ilə müşaiyət olunması faktı aşkarlanmışdır. Bununla əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Ölkə ərazisinə idxal olunan heyvanlar üçün preparatlar və yem əlavələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təqdim olunan baytarlıq sertifikatı ilə müşaiyət olunur. Aparılan təhlillərin nəticəsi olaraq "Aqropol" MMC tərəfindən idxal olunan heyvanlar üçün yem əlavəsinin gömrük rəsmiləşdirilməsi zamanı saxta baytarlıq sertifikatının təqdim olunması ilə bağlı müəyyən şübhələr yaranmış və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət ünvanlanmışdır. Nəticədə, təqdim olunan sertifikatın saxta olduğu faktı aşkarlanmışdır.
Ukrayna Respublikasının "Slavyanskiye Oboi - KFTB" şirkəti tərəfindən "Uğur-İbo" MMC və "Metal Traders" MMC – nin ünvanına idxal olunan divar kağızlarının təhlili aparılmışdır. Azərbaycan Höküməti ilə Ukrayna Hökuməti arasında gömrük əməkdaşlığı sahəsində əldə olunan razılaşmaya əsasən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin əməkdaşlıq bölümündə Ukrayna höküməti tərəfindən mal – müşaiyətedici sənədlərində qeyd olunan məlumatların bəyan olunan invoys dəyərinin müqayisəsi zamanı qeyd olunan idxalatçıların ünvanına idxal olunan divar kağızlarının invoys dəyərləri arasında ümumilikdə 124 058 ABŞ Dolları (məzənnə nəzərə alınaraq) dəyərində fərq olduğu aşkar olunmuşdur. Nəticədə əlavə olaraq 38 477 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunmuşdur.
Göründüyü kimi, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.
Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onların dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödəniləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.