Dekabrın 18-də Gəncə şəhərində «GƏNCƏ İŞ ADAMLARI» İctimai Birliyinin təqdimat mərasimi keçirilib.
FED.az xəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, İqtisadiyyat Nazirliyinin qurumları - KOBİA, Sahbkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi Xidməti, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) rəhbərliyi və nümayəndələri, Gəncə şəhərindəki Türkiyə Baş Konsulu, çoxsaylı iş adamı və qonaqlar, KİV nümayəndələri iştirak edib.
«Gəncə İş Adamları» İctimai Birliyi Gəncə-Daşkəsən iqtisadi regionunda fəaliyyət göstərən sahibkarları vahid
platforma ətrafında birləşdirən ictimai birliktir. Burada məqsəd sahibkarlara dəstək olmaq, onların biznes üçün yaradılan imkanlara çıxışına nail olmaqdır.
Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 44 günlük Zəfər Savaşından sonra biznesin Gəncəyə marağı daha da artıb, ilk 9 ayda şəhərdə 1500-dən artıq daimi iş yeri yaradılıb.
N.Bayramov bildirib ki, yeni yaradılan «GƏNCƏ İŞ ADAMLARI» İB iş adamlarına dəstək olmaqla bölgədə iqtisadi aktivliyə, investisiyaların artımına fayda verəcək.
«GƏNCƏ İŞ ADAMLARI» İB-nin sədri Zəfər Məmmədov qurumun aktiv fəaliyyət göstərdiyini, nəticələrin özünü yaxın vaxtlarda göstərəcəyini bildirib. Gəncə icra hakimiyyətinin birliyə dəstək verdiyini xüsusi vurğulayan Birlik rəhbəri Gəncədə iqtisadi aktivliyin artması üçün sovet dövründən qalma köhnə müəssisələrin bazasında yeni istehsal sahələrinin yaradılmasını təklif edib. Qeyd edib ki, bunun üçün iş adamlarına təşviq sənədinin, vergi və digər güzəştlərin təqdim edilməsi faydalı olardı.
Qurum rəhbəri artıq bir sıra xarici iş adamlarının da Gəncəyə yatırım etməyə hazır olduğunu bildirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədrinin müavini Natiq Həsənov yeni birliyin yaradılmasını bölgədə sahibkarlığın inkişafı baxımından mühüm hadisə adlandıraraq birlik üzvlərini təbrik edib.
Gəncədə tarixən sahibkarlıq ənənəsinin olduğunu xatırladan KOBİA-nın sədr müavini bildirib ki, hətta sovet dövrünün qadağaları da burada sahibkarlığın qarşısını ala bilməyib.
N.Həsənov bildirib ki, KOBİA ölkədə sahibkarlığın inkişafı ilə bağlı bir sıra istiqamətdə işlər aparır, bura biznes mühitinin təkmilləşdirilməsi, maliyyə mənbələrinə, o cümlədən altenativ maliyyələşməyə çıxışın təmin edilməsi, biznes xidmətlərinin genişləndirilməsi, sahibkarlar arasında təmasların təşkil edilməsi və sair aiddir.
Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk «GƏNCƏ İŞ ADAMLARI» İB-nin sahibkarları bir araya gətirəcəyini bildirib. Onun sözlərinə görə, türk iş adamlarının yerli sahibkarlarla birgə Gəncədə yeni investisiya layihələri planlaşdırılır.
Tədbirdə çıxış edən Sahibkarlığın İnkişafı Fondunun, Peşə Təhsili Agentiliyinin, Dövlət Məşğulluuq Xidmətinin rəhbərləri və nümayəndələri regionun böyük iqtisadi potensialının olduğunu, onun reallaşması üçün hazırlıqlı işçi qüvvəsi tələb olunduğunu və bununla bağlı müxtəlif layihələrin həyata keçirildiyini qeyd ediblər.
Tədbirdə «GƏNCƏ İŞ ADAMLARI» İB-nin idarə heyətinin üzvü Camik Mövsümov birliyin iş prinsipi, sahibkarlara yaradılacaq imkanlar, dəstək üsulları, xarici investorların bölgəyə marağı barədə geniş təqdimatla çıxaş edərək iş adamlarını aktiv olmağa, hazırda mövcud olan geniş imkanlardan yararlanmağa çağırıb.
Təqdimat mərasiminə xarici investor kimi qatılan Yaponiyanın TET İnternational Development şirkətinin prezidenti Taro Savado iş adamlarına şirkətin fəaliyyəti və yerli biznes üçün əməkdaşlıq imkanları barədə məlumat verib, onları əməkdaşlığa çağırıb.
Mərasimdə Gəncənin tarixi və iqtisadi imkanlarına, eləcə də «Gəncə İş Adamları» İB-nin fəaliyyəti ilə bağlı video çarxlar nümayiş etdirilib. Bildirilib ki, fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq qurum artıq biznes forumlara və işgüzar görüşlərə qatılır, sosial məsuliyyət aksiyaları keçirir, o cümlədən vətən müharibəsi qaziləri və şəhid ailələrinin problemlərinin həllində yaxından iştirak edir.
Tədbirdə çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və Azərbaycan Pakistan İqtisadi Əməkdaşlıq Palatasının idarə heyətinin sədri Azər Əkbərov yeni quruma uğurlar arzu ediblər.
Qeyd edilib ki, birliyə üzv olmaq istəyən sahibkarlar qurumun rəsmi internet səhifəsi vasitəsilə (gia.org.az) müraciət edə bilərlər.
Təqdimat mərasimindən sonra qonaqlar Gəncədə yeni fəaliyyətə başlayan «Zəfəroğlu Elektrik» MMC lampa zavodunun fəaliyyəti ilə tanış olub, istehsal prosesini izləyiblər.