Çinin ən böyük e-ticarət platformaları hər il noyabrın 11-də qeyd olunan Subaylar Günü münasibətilə müxtəlif malların kütləvi satışlarına başlayıb.
FED.az xəbər verir ki, bu gün qiymətlər təkcə Çin onlayn bazarlarında deyil, həm də bir çox pərakəndə satış mağazalarında ucuzlaşır.
Sürətlə artan rəqabət nəticəsində Subaylar Günü 11 Noyabrdan çox əvvəl qeyd olunmağa başlayır, şirkətlər reklam kampaniyalarına və ilkin sifarişləri qəbul etməyə hələ oktyabrın sonunda başlayıblar.
Bu il şopinq festivalı üç mərhələyə bölünüb, birincisi oktyabrın 31-də başlayıb, sonuncusu isə noyabrın 11-i gecə yarısı başa çatacaq.
Ənənəvi olaraq, ən böyük satışlar Alibaba korporasiyasına məxsus Tmall platformasında keçiriləcək. Bəzi mənbələrə görə, bu il onlarda dünyanın hər yerindən 290 minə yaxın brend, milyonlarla fərdi sahibkar, kiçik və orta biznes nümayəndələri öz məhsullarını satacaq. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə keçirilən ilk belə satışda cəmi 27 şirkət öz məhsulunu satmışdı.
Tmall-da ilkin satışlar oktyabrın sonunda başlayıb, rəqib platformalar olan JD.com və Pinduoduo isə oktyabrın 20-də satışa başlayıblar. Nəticədə, alıcılara hələ oktyabrın sonunda icazə verildi ki, Subaylar Günündə mövcud olacaq qiymətlərlə ilkin ödənişlər edə bilsinlər.
Çində Subaylar Günü və ya Ümumdünya Alış-veriş Günü kimi tanınan satış günü 2009-cu ildən bəri Alibaba saytlarında noyabrın 11-də keçirilir. Bu gün mağazalar şirkətin bütün onlayn ticarət platformalarında qiymətləri əhəmiyyətli dərəcədə azaldır.
Taobao, Tmall, AliExpress daxil olmaqla, Alibaba ticarət platformaları ilə yanaşı, digər onlayn ticarət platformaları, xüsusən də JD.com, Pinduoduo, eləcə də ticarət mərkəzləri, supermarketlər, mağazalar hər il Subaylar Günündə ümumi satışa qoşulur. Xüsusilə, JD.com ötənilki, yəni 2021-ci il noyabrın 11-də baş tutan Subaylar günündə 349,1 milyard yuan (təxminən 49,1 milyard dollar) dəyərində məhsul satıb. Tmall platformasına gəlincə, onun keçən il Subaylar Günü üçün satışları 540,3 milyard yuan (təxminən 76 milyard dollar) təşkil edib.
Nəzərə alsaq ki, Çində internet istifadəçilərinin sayı 1 milyard nəfəri keçib (ölkə əhalisi təqribən 1,41 milyard nəfərdir), onlayn ticarət bazarı həm daxili istehlakı artıran, həm də beynəlxalq ticarəti inkişaf etdirən əsas amillərdən birinə çevrilir.
Çində nəhəng istehlak bazarı, onlayn ticarət sahəsində iştirak edən çoxlu sayda müəssisə və texnologiya var, COVID-19 pandemiyasından sonra onların imkanlarına maraq kəskin artıb. Çinin e-ticarət bazarının əsas oyunçuları Alibaba, JD.com və Pinduoduo pərakəndə satış şirkətidir.
Çin Xalq Respublikasının Milli Statistika Bürosunun məlumatına görə, 2022-ci ilin ilk üç rübündə Çinin onlayn pərakəndə satışları illik müqayisədə 4% artaraq 9,588 trilyon yuana (təxminən 1,33 trilyon dollar) çatıb.