Azərbaycanda əmlak bazarında yeni biznes növü yayılmağa başlayıb. "FED.az Ağıllı Sərmayə" xəbər verir ki, bu «Concept time cafe» şirkətinin məhsulu olan «Concept antikafe» vasitəsilə mümkündür. Qeyd edək ki, «Antikafe» formatı yeni yayılan biznesdir və onun ənənəvi kafelərdən fərqi adi evlərdə də yaradılması imkanı və ödəniş formasıdır. Antikafe və onun iş prinsipi barədə ətraflı buradan oxumaq olar
Yeni biznesin əsas fərqi onun adi biznes obyektlərdə deyil mənzillərdə, hətta 2-3-cü mərtəbədə yerləşən mənzillərdə də yaradılmasıdır.
Şirkətin rəhbəri Müşfiq Hüseynov FED.az-a bildirib ki, françayzinq kimi təqdim edir: «Ortalama format belədir. Məkan 130 m2, yatırım 20 min manat, aylıq net gəlir 2000 manat».
«Concept time cafe» şirkəti investora sistemi verir, rəsmiyyət işlərini (vergi, DSMF və sair) həyata keçirir, yeni obyektin marketinq və reklamını edir, ən əsası müştəri və müştəri bazası ilə təmin edir.
Franşizanın qiymətinə gəlincə, illik franşiza məbləği birinci il 1 m2 üçün 3$, ikinci il 4$, sonrakı illər üçün isə 5$ təşkil edir. Ödəniş illik olunur.
Hazırda Bakıda iki belə məkan fəaliyyət göstərir: «Hal-hazırda 2 məkanda müştərilərə rahat və çox sərfəli (10 saatı 20 manat) şərtlərlə yer təklif edirik. Ümumi sahəsi 260m2 6 ayrı kabinet. 2 böyük zal. Karaoke/ps3/ps4/Cinema/ oxuyub və çalışma otaqları və ümuni zal».
M.Hüseynovun sözlərinə görə, hazırda daha iki investorla danışıqlar gedir: «Hal-hazırda daha 2 ev sahibi ilə danışıq aparırıq, həmin mənzillər «Tarqovu» küçəsində və «Elmlər Akademiyası» metrosunun yaxınlığındadır.
Şirkət rəhbəri deyir ki, yeni biznesin əsas əhəmiyyəti qeyri-likvid ya az limvid məkanların ciddi likvidlənməsidir: «Misal üçün, kirayəyə 400-600 manata verə biləcəyi mənzili (1/2/3 mərtəbə) bizim köməyimizlə istifadə etməklə ayda 2000-2500 manat net gəlirə çıxaraa bilir».
Amma bu heç də bütün mənzillərə aid deyil, antikafe kimi istifadə olunması üçün mənzillərin yerləşdiyi ərazi də uyğun olmalıdır: «Misal üçün, ikinci əsas küçə və 1-2-3 ( və sonuncu ) cü mərtəbələr. Bundan başqa, bizim standartlarımız da var. Bu - təmizlik, data baza, mətbəx, müştəri yönümüllükdür».
M.Hüseynov deyir ki, şirkət Bakıda əlavə 8 mənzilə franşiza verməyi planlaşdırır. Bundan sonra, antikafelərin Sumqayıt, Gəncə və Lənkəran da olmaqla 3 şəhərdə açılması gözlənilir.
Gələn il isə «Antikafe» biznesinin Gürcüstan bazarına çıxması gözlənilir: «2020-də bu biznesi Gürcüstan bazarına satacağıq. Təqribi olaraq orada ümumilikdə 12 antikafe açılacaq».
Həmin ildən etibarən isə «Concept antikafe» françayzinqinin qərbə doğru ölkələrlə genişləndirmək nəzərdə tutulur.
400-500 manat kirayə haqqı olan evdən 2000-2500 manat gəlir – YENİ BİZNES
13:34
5 Fev 2019