Koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq indiyədək 118 min 186 sahibkar və ya şirkət dövlətdən dəstək almaq üçün müraiət edib.
FED.az xəbər verir ki, bunlardan 25 633-ü muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün, 92 553 fərdi (mikro) sahibkar isə maliyyə dəstəyi üçün müraciət edib.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 191 306 işçini əhatə edən 21 472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 86,36 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 43,18 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 20 596 vergi ödəyicisinə 186 883 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 42,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 92 553 vergi ödəyicisindən müraciət daxil olub, 83 870 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.
Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 51,57 mln. manat təşkil edir. Mayın 4-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 49,2 mln. manat vəsaitin 78 643 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.