Müasir həyatı təyyarə və uçuşlarsız təsəvvür etmək mümkün deyil. Bu gün dünyada 5 mindən artıq artıq aeroport və terminal sərnişinlərə xidmət edir. Onların sırasında Heydər Əliyev Beynəlxalq Hava Limanı da var. İndi paytaxtdan dünyanın müxtəlif ölkələrinə uçan sərnişinlərin əksəriyyəti bilmir ki, hava limanının tarixi 100 il bundan əvvələ gedib çıxır.
FED.az bu dəfə Bakı hava limanının tarixini xatırladır.
Eləcə də bax: Fərasətsiz gəncin «ticarət inqilabı» - SUPERMARKETLƏRİN TARİXİ
Dünyanın ilk aeroportları
Təyyarələr dəmiryolu, avtomobil və gəmilərə nisbətən daha yeni nəqliyyat növü sayılsalar da, əslində ilk aeroportlar 100 ildən də əvvəl işə düşmüşdü. 1916-cı ildə dünyada artıq 6-7 aeroport fəaliyyət göstərirdi. İlk belə aeroport Rayt qardaşlarının sınaq uçuşlar keçirdiyi ABŞ-ın Merilend ştatındakı Kollec-Park aeroportu idi. Sonu uğurla bitən təyyarə uçuşları sınaqlarından və faktiki olaraq aviasiyanın yaranmasından sonra 1909-cu ildə bu aeroport amerikan hərbçilərinə satıldı.
Eləcə də bax: Fabrikdə incəsənət - LOFTLAR – BİZNES TARİXİ
Avropada isə ilk aeroport 1911-ci ilin yanvarında Almaniyanın Hamburq şəhərində işə düşdü. Müxtəlif sahələrdə pioner olmuş Böyük Britaniya dünyanın ilk aeroportlarından birinə sahiblik edir. 1911-ci ildə Sasseksdə Şorhem aeroportu işə düşdü. Amma burada uçuşlar hələ 1909-cu ildən başlamışdı, həmin uçuş zolağı indi də qalır. 1912-ci ildə isə gözlənilmədən Şərqi Avropada ilk aeroport fəaliyyətə başladı. Bu Rumıniyanın paytaxtındakı Benyasa aeroportu idi. 1913-cü ildə, Almaniyada Bremen aeroporta işə başladı. Onun ilk mülki müştərilərindən biri Hollandiyanın KLM şirkəti oldu. Dünyanın ən qocaman aviadaşıyıcısı düz 100 il bundan əvvəl – 1919-cu ilin 7 oktyabrında yaradılmış Hollandiyanın KLM şirkəti idi. 1914-cü ildə isə Şərqdə ilk aeroport işə düşdü. Bu Tailandda, Banqkokdakı Donmıanq aeroportu idi.
Eləcə də bax: Yoxsul dənizçi kəndi meqapolisə necə çevrildi? – DUBAYIN TARİXİ
Təyyarə ilə ilk sərnişin, ilk yük və ilk bilet
Təyyarə uçuşları isə aeroportlardan əvvəl başlamışdı. 1908-ci ildə təyyarə ilə ilk sərnişin, 1910-cu ildə ilk yük daşınıb, Deyton şəhərindən Kolambus şəhərinə daşınan bu yük ipək idi. 1911-ci ildə ilk çarter reysi həyata keçirildi, 10 nəfərdən artıq olan sərnişinlər 5 kilometrə daşındılar. Elə həmin il ilk dəfə olaraq Parisdən Londona təyyarə reysi baş tutdu – 3 saat 45 dəqiqəyə. Qrafiklə uçan ilk aviaşirət isə 1914-cı ildə yaradıldı. Bu şirkət Florida ştatının iki şəhəri – Tampa və Sankt Peterburq arasında hərəkət edirdi. Həmin reysə ilk bileti hərracda Sankt-Peterburqun meri fantastik qiymətə aldı – 400 dollar, adi bilet 5 dollar idi. 1923-cü ildə isə ABŞ-da ilk dəfə olaraq uçuş-enmə zolaqlarında siqnal işıqları işə düşdü.
Eləcə də bax: 49 sentlik qəhvə, 160 000 dollarlıq kompensasiya – BİZNES TARİXİ
Azərbaycan səmasında ilk təyyarələr…
Nə qədər qəribə görünsə də, Azərbaycanda ilk təyyarə uçuşu da dünyadakı tarixlərdən geri qalmır. Bakı şəhərinin üzərindən ilk təyyarə 1910-cu il oktyabrın 20-də göründü. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4” sistemli fransız biplanı heyrətdən yerində donan tamaşaçıların başı üzərində bir neçə dairə vurararq gurultulu alqışlar altında yerə enib.
Eləcə də bax: Pul əzizdir, yoxsa əqidə? – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ
Bakıda ilk təyyarəçi məktəbi
Artıq 1915-in noyabrından Petroqrad dəniz təyyarəçiləri məktəbinin Bakı şöbəsi fəaliyyətə başlayaraq, ilk kursantlarını qəbul etdi, sonradan bura Bakı dəniz aviasiyası məktəbinə çevrildi. 1916-cı ildən təlimlər başladı, əvvəlcə hidrotəyyarələrdən (suya enib qalxırdı) istifadə edilirdi, sonra isə uçuş keyfiyyəti daha yüksək olan «M-10» və «M-11» aparatları istifadəyə verildi. Çox tezliklə ordu üçün 12 qırıcı dəstə yaradıldı. Qırıcılar dərhal 1-ci Dünya Müharibəsinə göndərilirdi. 1916-cı il iyulun 17-də «Orliyua» aviadəstəsinin 4 təy-yarəsi almanlarla döyüşdə ilk qələbə qazandı.
Eləcə də bax: Orta əsrlərin maliyyə tarixi dərsi - TÜLPAN FACİƏSİ
İlk azərbaycanlı təyyarəçi Fransada aviamühəndis və pilot diplomu almış Əli bəy Verdiyev oldu. İlk milli təyyarəçilərimizdən digəri Fərrux ağa Qayıbov isə 1914-1916-cı illər ərzində Birinci Dünya müharibəsinin hava döyüşlərində almanların bir neçə təyyarəsi ilə vuruşda qəhrəmanlıqla həlak oldu.
Xalq Cümhuriyyəti və təyyarəçilər
Bakı dəniz aviasiyası məktəbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə də fəaliyyətini davam etdirdi.
Maraqlıdır ki, 1918-ci ilin mart ayında bolşevik-daşnak dəstələrinin Azərbaycanda törətdiyi qırğınlar zamanı Bakı aviaməktəbinin təyyarələrindən də istifadə edilmişdi. Bu təyyarələr azərbaycanlı əhalinin məskunlaşdığı məhəllələri bombalayırdılar. Yeri gəlmişkən, Bakı aviaməktəbinin təyyarələri buradan çıxarmaq mümkün olmadığına görə, onları «nasaz» vəziyyətə salmışdılar. Amma Qafqaz İslam Ordusu Bakıya daxil olanadək «qırmızılar» həmin təyyarələri bərpa edib döyüşə hazır vəziyyətə gətirə bilmişdilər. Bu dəstələr Bakıdan Astarayadək hava sərhədinə nəzarət edir, habelə Muğan düzündə gedən döyüşlərə yardımçı olurdular. Başqa sözlə, Bakı aviaməktəbinin yetişdirmələri olan bəzi təyyarəçilər elə Azərbaycana qarşı döyüşlərdə həlak oldular.
Eləcə də bax: Pulları indiyədək İsveçrə bankında qalan milyonçumuz – BİZNES TARİXİ
Bakı azad edildikdən sonra məktəbə məxsus olan ava-danlığın bir hissəsi tələf edildi, bir hissəsi oğurlandı, qalan hissəsi isə AXC hökumətinin balansına keçdi. Lakin lazımi kadrların və yararlı avadanlığın olmaması səbəbindən mək-təbin fəaliyyətini bərpa etmək mümkün olmadı. Bəzi məlumatlara görə, AXC hökumətinin hərbi-hava qüvvələrinin tabeliyində cəmi beş aeroplan və bir neçə hidrotəyyarə oldu. Milli hökumət digər hərbi texnika ilə yanaşı, aeroplanlar almaq üçün Avropa ilə danışıqlar aparsa da, buna vaxt çatmadı – ölkə Rusiya tərəfindən işğal olundu...
Sovet aeropotları
Sovet hakimiyyəti dövründə təyyarələrdən həm sərnişin daşıma, həm də kənd təsərrüfatında - həşəratlarla mübarizə üçün istifadə edilirdi. 1923-cü ildə Azərbaycanda ilk poçt və sanitar reysləri başladı. Xəzər dənizi üzərində uçuşların birində isə təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görür. Bu haqda "Azneft" rəhbərliyinə xəbər verilir və geoloqlar neft sahələri aşkar edir. İlk sərnişin uçuşu isə 1923-cü ilin avqust ayında "Yunkers" təyyarəsində Bakıdan Tbilisiyə olub.
Eləcə də bax: Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ
1925-ci ildə ilk hava limanı Keşlədə tikildi, burda poçt, yük və sərnişin daşınmaları ilə məşğul olan "Hava stansiyası" yaradıldı. 1926-cı ildə isə MinVodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tbilisi müntəzəm hava trasları açılıb. Azərbaycanın aviasiya tarixini araşdıran Ellada Kərimova yazır ki, 1928-ci ildən başlayaraq qısa müddətdə 50-dən artıq aerodrom tikilib.
Binə Hava Limanının tikintisi
Təyyarə reyslərinin sayının artması paytaxtda böyük hava limanı tikintisini tələb edirdi. 1931-ci ildə Bakıda Binə qəsəbəsində ilk aeroportun tikintisinə başlanıldı. Geniş və düz ərazi olduğu, eləcə də dənizə yaxınlığı üçün aeroport üçün məhz bura seçildi. Ölkənin hər tərəfindən fəhlə və mühəndislər bu tikintiyə cəlb edildi. Aeroportun tikintisini maliyyələşdirmək üçün Azərbaycan SSR Xalq Komisarları Soveti xüsusi qərar da qəbul etmişdi. Həmin qərara görə, ayrı-ayrı rayon və şəhərlər də hava limanının tikintisinə pul ayırmalı idilər. Qərarda idarə və müəssislərin 1932-ci ildən qalan hava öhdəliklərini ödəmələri və tikintini dava edirmək üçün lazım olan vəsaiti ödəməyi tapşırır. Onlar ümumilikdə 110 min 730 rub ödəməli idilər. Bundan başqa, rayonlardan da pul toplanması qərara alınıb. Məsələn,
Sabirabad – 10 000 rubl,
Zaqatala – 9500 rubl
Qazax -15 000 rubl
Nuxa (Şəki) – 27 000 rubl
Gəncə - 41 000 rubl
Naxçıvan – 26 000 rubl
Ağdam – 17 000 rubl
Qarabağ- Stepanakert - 9 500 rubl ödəməli idi. 1933-cü ildə Bakı aeroportu istifadəyə verilib. Paralel olaraq Yevlaxda (1932) və Hacıqabulda da hava limanlarının inşasına başlanılır.
Eləvə də bax: Fironların, şahların və xəlifələrin layihəsi - SÜVEYŞ KANALININ TARİXİ
Bakıdan müntəzəm uçuşlar başlayır
1933-cü il iyunun 25-də ilk dəfə olaraq Qafqaz dağlarından keçməklə Moskvaya uçuş həyata keçirilib və bununla da Moskvaya yol 1100 km qısalıb. 1937-ci ildə Bakı-Moskva marşrutu ilə müntəzəm hava xətti açılıb. Onun vasitəsilə hər gün 15 sərnişin aparılırdı, bu da o vaxt üçün böyük nailiyyət idi. 1938-ci ildə Bakı-Xarkov; Bakı-Rostov; Bakı-Qroznı reysləri də işə düşdü. Müharibədən sonra isə Bakı-Aşqabad, respublika daxilində isə Yevlax, Gəncə (Kirovabad) və Hacıqabul reysləri açıldı. Bakıya uçan təyyarələr də müasirləşdi. 1955-ci ildə Azərbaycanın hava məkanına yeni çoxyerli «İl-14» təyyarəsi, 1959-da isə - yeni «İl-18» turbopərli təyyarəsi gətirilir.
70-ci illərdə respublikanın 11 rayonunda, o cümlədən Naxçıvanda, Beyləqanda, Zaqatalada Yak-40 reaktiv təyyarələrinin qəbulu üçün süni örtüklü qalxma-enmə zolağı tikilib.
Eləcə də bax: Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ
Bakının yeni Aerovağzalı
Bakıda Yeni müasir aerovağzal kompleksini 1984-1988-ci illərdə tikmək planlaşdırılırdı. Lakin kompleksin inşası dayandırılmışdı və yalnız xarici sərmayələrin cəlb edilməsi nəticəsində 1999-cu il oktyabrın 2-də tikinti başa çatıb və aerovağzal kompleksinin açılışı keçirilib. Yeni kompleksin işə düşməsi Bakı hava limanının imkanlarını da artırır. Artıq 1990-cı illərdə Azərbaycan "Boeing-727", "Boeing-707" təyyarələrinin istismarına başlayır.
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Paralel olaraq tələbatın artması və ölkənin iqtisadi qüdrətinin artması ilə Hava limanının da gücü artırıldı, 2011-ci ildə yeni terminalların inşasına başlanıldı və 2014-cü ildə Avropa Oyunları ərəfəsində başa çatdırıldı.
Sahəsi 65 min kvadrat metr olan yeni terminal ildə 6 milyon sərnişinə xidmət etmək gücündədir. Eyni zamanda, 8 "hava körpüsü"nə malik terminal "Airbus A380" tipli təyyarələri qəbul edə bilir. Terminalın dizaynı və quruluşu sərnişinlərin rahatlığı və uçuşqabağı stresin azaldılması üçün nəzərdə tutulub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni beynəlxalq terminalı Bakının gözəl memarlıq nümunələrindən biridir. Terminalın tikintisində maraqlı ideyalardan biri də məşhur «Cocoon area» - palıd şponundan hazırlanmış və köşklərin yerləşdiyi «baramalar»dır. Həmin köşklərdə xatirə suvenirləri almaq, ya da sadəcə olaraq reysi gözləyərkən rahat kreslolarda və kiçik divanlarda dincəlmək mümkündür. Yaxınlıqda isə aparıcı dünya brendlərinin butiklərinin yer aldığı Duty Free kompleksi, bir mərtəbə yuxarıda isə çoxsaylı kafelər yerləşir.