Dünən ABŞ fond indekslərinin ticarət sessiyasını artımla bağladıqlarına baxmayaraq, dollar major valyutalar qarşısında bir qədər mövqelərini itirdi. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0897, 1.2728 və 148.017 səviyyələrində ticarət olunur.
“Dow Jones” və “S&P 500” fond indekslərinin dəyəri bazar ertəsi günü iqtisadi artımla və ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) atacağı müsbət addımlarla bağlı nikbin proqnozlar fonunda rekord həddə çatdı. İndekslər müvafiq olaraq 38 048.92 bənd və 4 863.88 bənd səviyyələrində tarixi maksimum həddlərini yenilədilər.
Həmçinin ekspertlər bir həftə öncə FED-in artıq mart toplantısında faiz dərəcələrini azaldacağını səsləndirsələr də, hal-hazırda fikirlər dəyişir və ilk faiz azalmasının may ayında baş tutacağı ilə bağlı proqnozlar artır.
Qeyd etmək lazımdır ki, bazar iştirakçıları çərşənbə günü ABŞ, Avrozona və Böyük Britaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi və cümə axşamı günü Avropa Mərkəzi Bankının faiz qərarını, eləcə də, ABŞ-da açıqlanacaq ÜDM göstəricilərini maraqla gözləyirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.