Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə bu gün keçirilən hərrac baş tutmayıb.
Bu barədə FED.az-a Bakı Fond Birjasından (BFB) məlumat verilib. Qeyd edək ki, son illər ərzində qısamüddətli istiqrazlar üzrə hərracın baş tutumaması ilk dəfədir. Sonuncu dəfə belə hal 2016-cı ilin fevralında baş verib.
BFB-nin məlumatına görə, 21 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007684 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 88.5514 AZN (13.0720%) və 92.3749 AZN (8.3459%) olan 21 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,520,500 AZN təşkil etmişdir. Başqa sözlə, hərracda sifarişlərin həcmi buraxılışın öz həcmindən aşağı olub.
Maliyyə Nazirliyinin qərarına əsasən keçirilmiş hərracın gəlirlilik dərəcələri Emitenti qane etmədiyi səbəbindən hərrac baş tutmamış hesab edilmişdir.
Eləcə də bax: Mərkəzi Bankın notları satılacaqmı? – BANKLARDAN YENİ DAVRANIŞ
Qeyd edildiyi kimi, rəsmi səbəbə görə, hərracın baş tutmamasının səbəbi təklif edilən gəlirlilik səviyyəsinin emitenti qane etməməsidir.
Xatırladaq ki, əvvəlki hərraclarda investorların istədikləri gəlir səviyyəsi daha aşağı idi. Belə ki, iyulun 24-də keçirilən hərracda investorların təklif etdiyi gəlirlilik 9-11,5% olmuşdu. Həmni vaxt istiqrazlar 9,9-10,8% gəlirliliklə yerləşdirilmişdi.
Bundan əvvəl - avqustun 14-də keçirilən hərracda isə investorların təklif etdiyi gəlirlilik bir qədər də artaraq 9,5-12% olmuşdu. Həmin gün istiqrazlar 10,6-11% gəlirliklə yerləşdirilmişdi.
İndi isə investorların gəlir gözləntiləri daha da artaraq 13%-i keçib. Görünür, emitent, yəni Maliyyə Nazirliyi təklifə hazır deyilmiş.
Amma məsələ təkcə, investorların gəlir gözləntilərinin artmasında deyil.
Digər narahatlıq doğuran məsələ istiqrazlara marağın azalmasıdır. Qeyd edək ki, oxşar proseslər manatla buraxılan digər dövlət maliyyə alətlərində də müşahidə edilir. Mərkəzi Bankın notları və depozit hərracında da tələbatın azalması baş verir, amma hələlik həmin hərraclarda sifarişlərin həcmi emissiyanı üstələyir. Bu günkü hərracda isə hökumət və ölkənin maliyyə requlyatorları investorların maliyyə bazarına münasibəti ilə bağlı ilk siqnalı almış oldular.
Maliyyə Nazirliyinin hərracı baş tutmadı – İLK HƏYACAN SİQNALI
17:57
21 Avq 2018