Azərbaycanda investisiya şirkətləri üçün minimum kapital tələbinin artırılması gözlənilir.
FED.az xəbər verir ki, bu barədə «PAŞA Kapital İnvestisiya Şirkəti»nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev iyunun 1-də şirkətin fəaliyətinə həsr olunan mətbuat konfransında bildirib.
«PAŞA Kapital İnvestisiya Şirkəti»nin əvvəlki illərdən, o cümlədən 2023-cü ilin nəticələri üzrə toplanmış böyük məbləğdə bölüşdürülməmiş mənfəətin olması və onun mümkün istifadəsi barədə suala cavab verən Ceyhun Hacıyev qeyd edib ki, qarşıdakı dövrdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən investisiya şirətlərinə qarşı kapital tələbinin artırılması gözlənilir.
«Mərkəzi Bank maliyyə təşkilatları ilə bağlı prudensial tələbləri sərtləşdirmək istəyir. Bizim fikrimizcə bu yaxşı haldır, bazarın dayanıqlığını gücləndirəcək».
Şirkət rəhbərinin sözlərinə görə, ona görə də hələlik şirkət bölüşdürülməyən mnfəətdən istifadə etməyə tələsmir və bununla bağlı AMB-nin qərarını gözləyir.
Xatırladaq ki, qanunvericiliyə görə, hazırda investiya xidmətlərinin göstərilməsi üzrə lisenziyaya malik olan şəxslər üçün minimum kapital tələbi 75 min manat və 300 min manat təşkil edir.
Maraqlıdır ki, investisiya şirkətləri üçün minimum kapital tələbi hələ 9 il əvvəl hələ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilib və o vaxtdan bəri dəyişməyib.